SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Sabah Azərbaycanda bütün muzeylərə giriş ÖDƏNİŞSİZ OLACAQ

Sabah Azərbaycanda bütün muzeylərə giriş ÖDƏNİŞSİZ OLACAQ

18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycanda fəaliyyət göstərən bütün dövlət muzeylərinə giriş ödənişsiz olacaq.

Yurd.Media xəbər verir ki, gün ərzində ölkənin müxtəlif bölgələrində yerləşən muzeylər və sərgi zalları hər kəs üçün açıq olacaq, müxtəlif ekskursiyalar və tematik tədbirlər keçiriləcək.

Beynəlxalq Muzeylər Günü 1977-ci ildə Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən təsis olunub. Məqsəd – muzeylərin cəmiyyət həyatındakı rolunu vurğulamaq, mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi işində onların əhəmiyyətini önə çəkməkdir. Hər il bu gün dünya üzrə müxtəlif mövzular altında qeyd olunur və muzeylər bu mövzuya uyğun olaraq tədbirlər həyata keçirirlər.

Hazırda Azərbaycanda 200-dən çox dövlət muzeyi fəaliyyət göstərir. Bunlar arasında Azərbaycan Milli İncəsənət Muzeyi, Tarix Muzeyi, Xalça Muzeyi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Şəki Xan Sarayı Muzeyi, Gəncə Tarix-Etnoqrafiya Muzeyi və digərləri xüsusilə diqqət çəkir. Hər biri xalqımızın zəngin keçmişini, mədəniyyətini və irsini yaşadan unikal eksponatlarla zəngindir.

18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə təşkil olunan ödənişsiz giriş və tədbirlər, ictimaiyyətin muzeylərə marağını artırmaqla yanaşı, milli-mədəni dəyərlərimizin təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir.