SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Rəhman Fürqətoğlu: “Milli kino bizim milli kimliyimizdir”

Rəhman Fürqətoğlu: “Milli kino bizim milli kimliyimizdir”

Azərbaycan kinosu 127 illik zəngin tarixə malikdir. Bu müddət ərzində milli kinematoqrafiyamız özünəməxsus yaradıcılıq məktəbi formalaşdıraraq müxtəlif dövrlərdən keçib. Sovet dövrünün güclü kino ənənələri, müstəqilliyin ilk illərində yaşanan çətinliklər və son illərdə müşahidə olunan inkişaf prosesi Azərbaycan kinosunun bugünkü mənzərəsini formalaşdırıb. Bəs milli kino hazırda hansı mərhələdədir, gənclərin bu sahəyə marağı nə yerdədir və sosial şəbəkələrin sürətli inkişafı kinonun gələcəyinə təsir göstərə bilərmi?

Milli Kino Günü münasibətilə Yurd.Media-nın suallarını kinorejissor, montaj rejissoru, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Rəhman Fürqətoğlu cavablandırıb. O, Azərbaycan kinosunun tarixi, sovet kino məktəbinin təsiri, müasir filmlərin problemləri, aktyor çatışmazlığı, kino təhsili və milli kinematoqrafiyanın gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

– Sizin üçün Milli Kino Günü nə deməkdir?

- Azərbaycan kinematoqrafiyasının çox böyük tarixi var. İlk filmimiz 1898-ci ildə çəkilib. Yəni Azərbaycan kinosunun artıq 127 illik keçmişi mövcuddur. Azərbaycan kinosunun özünəməxsus məktəbi formalaşıb. Necə ki, italyan, gürcü və ya İran kino məktəbləri var, bizim də öz dəst-xətti, öz bədii-estetik xüsusiyyətləri olan kino məktəbimiz mövcuddur. Məsələn, Azərbaycanda “Yeddi oğul istərəm” filmi çəkiləndə Türkiyədə daha çox “Şaban” filmləri istehsal olunurdu. Bizdə daha dərin məzmunlu, fəlsəfi və ciddi filmlər çəkilirdi. O dövrdə Türkiyə kinosu bu baxımdan bizdən geri qalırdı. Lakin Sovet İttifaqının dağılması, Birinci Qarabağ müharibəsi və müstəqilliyin ilk illərində yaşanan çətinliklər 1990-cı illərdə kino sahəsində durğunluq yaratdı. Təəssüf ki, bu da kino sənayesinin zəifləməsinə səbəb oldu. Əgər mövcud təməl üzərində inkişaf davam etsəydi, Azərbaycan kinosu daha sürətlə irəliləyə bilərdi. Ancaq biz müəyyən mənada yenidən sıfırdan başlamağa məcbur olduq.

– Azərbaycan kinosuna sovet kinematoqrafiyasının təsiri və rolu barədə nə deyə bilərsiniz?

- Sovet kinematoqrafiyasının təsiri, əlbəttə ki, çox böyük olub. O dövrdə çox güclü kino məktəbi formalaşmışdı. Moskvada yerləşən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu kino sahəsində ən nüfuzlu təhsil ocaqlarından biri idi. Ora qəbul olunmaq üçün həm istedad, həm də ciddi hazırlıq lazım idi. Sovet İttifaqının hər yerindən seçilmiş peşəkar müəllimlər həmin institutda dərs deyirdilər. Sovet İttifaqı dağıldıqdan sonra təkcə biz deyil, bütün keçmiş respublikalar həmin imkanları itirdilər. Lakin orada təhsil alıb vətənə qayıdan peşəkarlar həmin məktəbin ənənələrini Azərbaycanda yaşatmağa davam etdilər. Bu gün də tələbələr üçün xaricdə təhsil imkanları yaradılır. Azərbaycan kinosu hazırda inkişaf mərhələsindədir. Mən bu inkişaf üçün üç vacib amilin zəruri olduğunu düşünürəm: güclü dövlət dəstəyi, özəl sektorun prosesə qoşulması və müasir texnologiyalarla təminatın gücləndirilməsi. Texnologiyalar sürətlə inkişaf edir və biz hər gün yenilikləri öyrənməyə məcburuq.

– Bu gün 20 il əvvəllə müqayisədə daha maraqlı, keyfiyyətli və məzmunlu filmlər çəkilir. Mövcud vəziyyətdən razısınızmı və gələcəkdə nə görmək istərdiniz?

- Mən qismən razıyam. Çünki 20 il əvvəl çəkilən filmlərin əksəriyyəti, xüsusilə də bəzi komediyalar Azərbaycan tamaşaçısını kinoteatrdan uzaqlaşdırdı. Bu gün də tamaşaçını kinoteatra cəlb etmək çətindir. Həmin filmlər insanları müəyyən mənada yordu. Bayağı komediyalar bütöv bir nəslin zövqünün formalaşmasına mənfi təsir göstərdi. Mən Azərbaycan filmlərində qeyri-etik ifadələrin istifadəsinin əleyhinəyəm. Hər xalqın öz mentaliteti, danışıq tərzi və mədəni xüsusiyyətləri var. Film həm tarixdir, həm tərbiyə vasitəsidir, həm də mədəniyyətimizin göstəricisidir. Biz adət-ənənələrimizi də müəyyən mənada filmlərdən öyrənirik. Komediya bayağı yox, vəziyyət komediyası olmalıdır. Tamaşaçı vəziyyəti dərk edib özü gülməlidir. Məni sevindirən məqamlardan biri isə odur ki, Azərbaycan rejissorlarının filmləri xaricdə nümayiş olunur, tələbələrimiz beynəlxalq təhsil imkanlarından yararlanırlar. Bir faktı qeyd edim: İtaliyada təhsil alan tanışlarımdan biri bildirmişdi ki, orada universitetlərdən birində dərs vəsaiti kimi iki Azərbaycan filmi – “Şərikli çörək” və “Bizim Cəbiş müəllim” nümayiş etdirilir.

– Siz müəllim kimi bu gün kino təhsilini necə qiymətləndirirsiniz?

- Tələbələr bizim gələcəyə olan ümidimizdir. Həm rejissor, həm də müəllim kimi gənclərin kinoya olan marağını gördükcə daha da həvəslənirəm. Mən media və audiovizual sənətlər ixtisası üzrə dərs deyirəm. Bu sahə əslində rejissorluğun əsaslarını əhatə edir. Burada ssenaridən başlayaraq çəkiliş kompozisiyası, ekspozisiya, rejissor duyumu, analiz və praktiki məşğələlərə qədər geniş proqram tədris olunur. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini müəyyən mənada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kiçik modeli hesab etmək olar. Lakin burada görülən işlər kifayət qədər böyükdür. Azərbaycanda ilk dəfə olaraq yalnız tələbələrdən ibarət yaradıcı və texniki heyətlə, sıfır büdcə hesabına tammetrajlı bədii film çəkmişik. Həmin filmin təqdimatı 2025-ci il noyabrın 10-da Nizami Kino Mərkəzində keçirildi. Film daha sonra kommersiya nümayişinə və kinoteatr yayımına buraxıldı.

– Sosial şəbəkələrdə yayılan qısa videolar və “reels”lər gələcəkdə tammetrajlı filmləri sıxışdırıb aradan çıxara bilərmi?

- Əlbəttə ki, yox. Hətta eyni ssenarini iki müxtəlif rejissor tam fərqli şəkildə ekranlaşdıra bilər. Burada ruh məsələsi var. Film canlı sənətdir. Tamaşaçı kinoya baxarkən sanki həmin dünyanın içinə daxil olur, qəhrəmanla birlikdə sevinir, kədərlənir, düşünür. Sosial şəbəkələrdəki qısa videolar bunu təmin edə bilmir. Televiziya olmasa belə, kino yaşayacaq. Çünki kino canlıdır və onun yaratdığı obrazlar hər zaman insanları cəlb edəcək.

– Yaxşı rejissor və maraqlı ssenari vacibdir. Bəs bu gün Azərbaycanda peşəkar aktyor çatışmazlığı varmı?

- Son 12-13 ildə Mədəniyyət və İncəsənət Universiteti daha peşəkar aktyorlar yetişdirməyə başlayıb. Qəbul prosesində ciddi nəzarət var və istedadı olmayan şəxsin həmin sahəyə daxil olması çətindir. Hazırda yaxşı aktyor və aktrisalarımız var, amma onların sayı hələ də azdır. Orta yaşlı aktyorlar kifayət qədərdir, lakin gənc və yaşlı nəsildə müəyyən çatışmazlıq hiss olunur. Seriallarda da əsasən eyni aktyorları görürük. Məncə, burada rejissorların da məsuliyyəti var. Regionlarda çox istedadlı aktyorlar fəaliyyət göstərir. Qazax, Gəncə, Mingəçevir, Lənkəran və digər şəhərlərin dövlət teatrlarında çalışan peşəkar aktyorlar filmlərə çəkilmək istəyirlər. Bizdə kastinq sistemi yetərincə inkişaf etməyib. Türkiyədə kastinq agentlikləri fəaliyyət göstərir və aktyorlar həmin bazalarda qeydiyyatdan keçərək özlərinə uyğun rollara dəvət alırlar. Bizdə isə aktyor bir dəfə baş rol oynayıbsa, artıq kiçik rol oynamaq istəmir. Bu düzgün yanaşma deyil. Teatr aktyorlarına da daha çox müraciət olunmalıdır. Bu sənətdə çalışan hər kəs öz peşəsini sevməlidir. Maddi və ya digər səbəblər onları ruhdan salmamalıdır. İstedad gec-tez öz sözünü deyəcək. Eyni zamanda istərdim ki, filmlərimizdə milli mentalitetimiz, adət-ənənələrimiz qorunsun. Çünki bu milli kino bizim milli kimliyimizdir.

FOTO: Sadıq Əliverdibəyli

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları