Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini, tanınmış yazıçı və publisist Natiq Məmmədlinin "Sev" romanının təqdimat və imza günü böyük maraq içində keçirilib.
Yurd.Media xəbər verir ki, ölkənin aparıcı ictimai-siyasi və mədəniyyət xadimləri, media nümayəndələri təqdimata qatılaraq bu əhəmiyyətli ədəbi hadisəyə şahidlik ediblər.
Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid öz çıxışında romanın özünəməxsus xüsusiyyətlərinə toxunaraq bildirib ki, Natiq Məmmədli "Sev" romanında iki gəncin məhəbbətini canlandırmaqla yanaşı, onların dünya səyahətini də məharətlə təsvir edir. Əsərdə müxtəlif ölkələrin mədəniyyəti, tarixi və özünəməxsus cəhətləri haqqında zəngin məlumat verilir. Xüsusilə diqqətəlayiqdir ki, müəllif Azərbaycan folklorunun incilərinə, Sarı Aşığın yaradıcılığına böyük yer ayırıb. Sarı Aşığın əfsanəvi sevgisi, Yaxşıya olan məhəbbəti və bizim hər birimizin əzbər bildiyi gəraylıları romanda məharətlə işlənilib".
"APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı müəllifin yaradıcılıq yoluna işıq salaraq qeyd etdi ki, Natiq Məmmədlinin "Professor və samuraylar", "Tiflis yolçuları", "Qəzet köşkünün yerində qalan boşluq", "Molyerin öldüyü gün", "Yiyəsiz baş" kimi hekayələri onun ədəbi düşüncəsinin genişliyini və dərinliyini göstərir. "Sev" romanı isə müəllifin yaradıcılığında yeni bir mərhələdir. Əsər "TEAS Press" Nəşriyyat Evi tərəfindən yüksək keyfiyyətlə çap edilib. Bu nəşriyyatın məhz bu əsəri seçməsi təsadüfi deyil, çünki roman gənclər üçün müasir düşüncəni əks etdirən, cəlbedici bir əsərdir. Natiq Məmmədli tarix və müasirliyi böyük ustalıqla bir araya gətirib, postmodern ədəbiyyatın gözəl bir nümunəsini yaradıb".
Milli Məclisin deputatı, tanınmış şair Elçin Mirzəbəyli "Sev" romanının adının belə onu cəlb etdiyini vurğulayıb:
"Bu gün mənəvi baxımdan sevgiyə hər zamankından daha çox ehtiyacımız var. Natiq Məmmədlinin yaradıcılığında həmişə səmimiyyət olub. Onun əsərlərində heç bir süni effekt yoxdur, insan qəlbinə, cəmiyyətə, dostluğa olan dərin sevgisi hər sətrində hiss olunur."
Professor Qulu Məhərrəmli müasir dövrümüzdə belə bir əsərin gənclər üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib:
"Cəmiyyətimizdə qəzəb, nifrət artdığı bir dövrdə sevgidən, məhəbbətdən danışan əsərlər çox vacibdir. Natiq Məmmədlinin hekayələri mövzu rəngarəngliyi ilə seçilir və 'Sev' romanı da bu baxımdan istisna deyil".
Jurnalist Fuad Babayev və ədəbiyyatşünas Sahil İskəndərli də çıxışlarında əsərin dərin mənasını və müəllifin ustalığını qeyd ediblər. Sahil İskəndərli xüsusilə vurğuladı: "Əsərin adının 'Sev' olması müəllifin kim olduğunu bir daha göstərir. İnsanın həyata gəlməsinin özündə belə sevgi var. Bu hissləri yaşamayan insan belə bir əsər yaza bilməz."
Tədbirin sonunda söz alan Natiq Məmmədli kitabın yaranma tarixindən danışıb:
"Bu kitabın arxasında böyük bir psixoloji travma dayanır. Bu travmadan çıxmaq üçün özümə bir yol kimi bu imza gününü seçdim. "Sev" adını seçməyim təsadüfi deyil. Bu, sadəcə sevgi romanı deyil, dərin fəlsəfi mesajdır. "Sev" sözü 'İncil'in ilk cümləsidir, Allah kitabı göndərəndə insanlara məhz bu sözlə müraciət edir."
Müəllif, romanı pandemiya dövründə yazdığını və əsərdə 21-ci əsr insanının psixoloji qatlarını göstərməyə çalışdığını vurğulayıb:
"Vətən müharibəsindən sonra düşünürdüm ki, Azərbaycan ədəbiyyatının əsas mövzusu Qarabağ olmalıdır. Lakin Qarabağı sevmək üçün əvvəl insanı sevməyi bacarmaq lazımdır. Sevmək lazımdır ki, noyabrın soyuğunda o qayalara dırmaşa biləsən. Bu il iki kitabım çapdan çıxıb. İnşallah, tezliklə Qarabağla bağlı romanımın təqdimatında da görüşərik".
Təqdimat mərasimi Natiq Məmmədlinin oxucular üçün kitabını imzalaması ilə başa çatıb.