SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Kitabxanaçılar nə tələb edir? Attestasiyaya qarşı arqumentlər və təkliflər

Kitabxanaçılar nə tələb edir? Attestasiyaya qarşı arqumentlər və təkliflər

Azərbaycanda kitabxana əməkdaşlarının attestasiya prosesi yaxınlaşdıqca bu proses ətrafında müzakirələr daha da geniş xarakter alır.

Yurd.Media-nın attestasiyanın əsas müzakirə olunan məqamları ilə bağlı hazırladığı yazı geniş müzakirələrə səbəb olub. Saytın sosial media hesablarında bu xəbərin paylaşımına yüzlərlə reaksiya, şərhlər gəlib. Şərhlərdə kitabxanaçıların imtahan prosesi ilə bağlı əsas vurğuladığı məqamları ümumiləşdirərək təqdim edirik: 

“Biz təhsil verən yox, xidmət göstərən sahəyik”

Kitabxanaçıların əsas arqumentlərindən biri ondan ibarətdir ki, onlar təhsil verən müəssisənin əməkdaşları deyil, mədəniyyət və xidmət sahəsində çalışan işçilərdir. Onların gündəlik fəaliyyəti oxuculara kitab verilməsi, oxu zallarının təşkili, maarifləndirici tədbirlərin keçirilməsi və ictimai-kültür işlərindən ibarətdir. Şərhlərdə vurğulanır ki, imtahan sualları daha çox dövlət qulluğu və pedaqoji sahəyə aid mövzuları əhatə edir və kitabxanaçının real iş funksiyaları ilə üst-üstə düşmür.

Aşağı maaş, ağır həyat şərtləri və psixoloji təzyiq

Kitabxanaçıların böyük əksəriyyəti 350–420 manat arası maaş aldıqlarını, bu məbləğlə ailə dolandırmağın, kredit ödəməyin, övlad oxutmağın olduqca çətin olduğunu bildirirlər. Onların sözlərinə görə, bu qədər sosial və maddi problemlər fonunda imtahan stresi əlavə psixoloji yük yaradır. Bir çox şərhdə “çörəyimizlə oynanılır”, “işsiz qalmaq qorxusu ilə yaşayırıq” kimi ifadələr yer alır.

Yaşlı əməkdaşlar üçün ciddi risk

Xüsusilə 50–65 yaş aralığında olan, 30–40 il kitabxana sahəsində çalışmış əməkdaşlar attestasiya prosesinə kəskin etiraz edirlər. Onlar bildirirlər ki, bu yaşdan sonra imtahan vermək həm sağlamlıq, həm də yaddaş baxımından böyük çətinlik yaradır. Bir çox kitabxanaçı pensiya yaşına az qalmış işdən çıxarılmaq təhlükəsi ilə üz-üzə qaldığını deyir və bunu sosial ədalətsizlik kimi qiymətləndirir.

Şəraitsiz kitabxanalarda İKT tələbi

Tez-tez vurğulanan məqamlardan biri də odur ki, bir çox kitabxanada kompüter, internet və müasir texniki avadanlıqlar yoxdur. Buna baxmayaraq, imtahan proqramında informasiya-kommunikasiya texnologiyaları, elektron sistemlər və mürəkkəb qanunvericilik mövzuları yer alır. Kitabxanaçılar hesab edirlər ki, lazımi şərait yaradılmadan bu tip biliklərin tələb olunması qeyri-real və ədalətsizdir.

“Əvvəl təlim, sonra qiymətləndirmə”

Kitabxanaçıların böyük hissəsi biliklərin yoxlanılmasına prinsip etibarilə etiraz etmədiklərini, lakin bunun düzgün formada aparılmasını istədiklərini bildirirlər. Onların təkliflərinə əsasən:

- Attestasiya ləğv edilməli və ya sadələşdirilməlidir;

- İmtahan test üsulu ilə keçirilməlidir;

- Proqram kitabxana işinin real məzmununa uyğunlaşdırılmalıdır;

- Əvvəlcə pulsuz təlimlər, kurslar və praktiki maarifləndirmə təşkil olunmalı, yalnız bundan sonra qiymətləndirmə aparılmalıdır;

- Yaş məhdudiyyəti tətbiq edilməli, xüsusilə pensiya yaşına yaxın əməkdaşlar imtahandan azad olunmalıdır.

Seçici yanaşma ilə bağlı suallar

Kitabxanaçılar arasında narazılıq doğuran digər məqam isə attestasiya prosesinin yalnız bəzi kitabxanalara şamil olunmasıdır. MKS-lərdə çalışan əməkdaşların imtahana cəlb edildiyi halda, Milli Kitabxana, AMEA, Gənclər və Uşaq kitabxanalarında çalışanların bu prosesdən kənarda qalması suallar doğurur və ədalətsiz yanaşma kimi dəyərləndirilir.

Xatırladaq ki, ötən gün mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirələrdə kitabxana sahəsində çalışanların attestasiyası keçirilməsi ilə bağlı danışıb. O qeyd edib ki, imtahan nəticəsinə görə vəzifəsinə uyğun şəxslər daha peşəkar formada fəaliyyətlərini davam etdirəcəklər.

"Kimlər uyğun deyil, onlarla bağlı qanunvericiliyə uyğun addımlar atılacaq", - deyə nazir vurğulayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları