SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Görkəmli qrim ustası ilə bağlı qalmaqal: “Azərbaycanfilm”də nə baş verib?

Görkəmli qrim ustası ilə bağlı qalmaqal: “Azərbaycanfilm”də nə baş verib?

Azərbaycan kinosunun qrim rəssamı, əməkdar incəsənət xadimi, 75 yaşlı Elbrus Vahidovun “Azərbaycanfilm” kinostudiyasındakı otağından çıxarıldığı və ona qarşı hörmətsizlik edildiyi iddia olunur.

Yurd.Media xəbər verir ki, bu barədə kinotənqidçi Sevda Sultanova öz teleqram kanalında paylaşım edib. Onun sözlərinə görə, sənətkara əvvəlcədən heç bir xəbərdarlıq edilmədən otağına daxil olunub, şəxsi əşyaları kənara çıxarılıb, illərlə istifadə etdiyi qrim masası isə doğranaraq yararsız hala salınıb. İddialara əsasən, kinostudiya rəhbərliyi bu addımı otağın icarəyə veriləcəyi ilə izah edib.

Məlumata görə, Elbrus Vahidovun rəsmi ştatda olmaması da qeyd edilir, lakin kino ictimaiyyəti baş verənləri sənətkara qarşı hörmətsizlik kimi qiymətləndirir.

“Tofiq Tağzadəni, Eldar Quliyevi, Fazil Salayevi tanımayan, kinomuza bir faydası olmayan, kino məmurları! Bu il yublieyi olacaq, əməkdar incəsənət xadimi Elbrus Vahidov illərlə, sizdən fərqli olaraq, kinoya xidmət edib, ən yaxşı filmlərdə qrim rəssamı işləyib, kinostudiya ilə nəfəs alıb. Zəhmət olmasa, kinostudiyanın rəhbərliyi, həmçinin, ARKA məsələyə aydınlıq gətirsin”, – deyə paylaşımda vurğulanır.

Xatırladaq ki, Elbrus Vahidov “Tütək səsi”, “Yeddi oğul istərəm”, “İstintaq”, “Fəryad” və digər bir çox filmlərin qrim rəssamıdır.

Məsələ ilə bağlı Kinostudiya da bəyanat yayıb:

“Uzun illər ərzində milli kino sənətimizin inkişafına töhfələr vermiş, peşəkar fəaliyyəti ilə seçilən qrim rəssamı Elbrus Vahidovun Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasındakı iş otağı ilə bağlı sosial şəbəkələrdə və bəzi media resurslarında yayılan məlumatlar reallığı tam əks etdirmir.

Hazırda kinostudiyanın ərazisində onun kino sənayesi parkına çevrilməsi istiqamətində mərhələli şəkildə abadlıq, təmir və bərpa işlərə başlamışdır. Bu çərçivədə mövcud məkanların funksional baxımdan yenidən təşkili aparılır. Elbrus Vahidovun istifadəsində olan otaqlardan anbar kimi istifadə edilən hissə onun razılığı və iştirakı ilə təmir məqsədilə boşaldılmış, şəxsi əşyaları özü tərəfindən götürülmüşdür. Otaqda olan istifadəyə yararsız inventar da razılığı əsasında çıxarılmışdır.

Eyni zamanda qeyd edirik ki, Elbrus Vahidovun kinostudiyada ayrıca iş otağı mövcuddur və o, fəaliyyətini davam etdirir. Təmizlənmiş məkanın qrim xidmətləri üçün istifadəsi nəzərdə tutulur. Həmin otağın icarəyə verilməsi ilə bağlı səsləndirilən fikirlər isə təsdiqini tapmır.

Ümumilikdə həyata keçirilən işlər kinostudiyada daha səmərəli və rahat yaradıcı mühitin formalaşdırılmasına, kino sahəsində çalışan mütəxəssislər üçün imkanların genişləndirilməsinə xidmət edir. Tarixi ənənələrə malik “Azərbaycanfilm” kinostudiyasının müasir yanaşmalar əsasında yenilənməsi və inkişafı istiqamətində tədbirlər davam etdirilir”, - bəyanatda deyilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları