Azərbaycan mədəniyyətinə və ictimai fikrinə ağır itki üz verib. Görkəmli yazıçı-dramaturq, publisist, tərcüməçi, dövlət xadimi və diplomat, Əməkdar incəsənət xadimi Hidayət Orucov 13 iyun 2026-cı il tarixində, ömrünün 82-ci ilində vəfat edib.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi məlumat verib.
Hidayət Xuduş oğlu Orucov 5 sentyabr 1944-cü ildə Qərbi Azərbaycanın Mehri rayonunun Maralzəmi kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini bitirdikdən sonra ədəbi və publisistik yaradıcılığa başlayıb. 1968-ci ildən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsində çalışıb. Eyni zamanda Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik edib, İrəvan Pedaqoji İnstitutunda Azərbaycan ədəbiyyatını tədris edib.
1984-1986-cı illərdə Bakıda "Gənclik" nəşriyyatında baş redaktor müavini, 1986-1992-ci illərdə isə baş redaktor vəzifələrində işləyib. Bu illərdə "Gənclik" nəşriyyatında 50 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası" seriyası işıq üzü görüb.
Bundan əlavə, 15 cildlik "Azərbaycan folkloru", 25 cildlik "Macəra və fantastika", 17 cildlik "SSRİ xalqları ədəbiyyatı" və digər mühüm seriyaların nəşrinə başlanılıb.
Ölkə müstəqilliyini bərpa etdikdən sonra 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, 1993-2005-ci illərdə milli siyasət məsələləri üzrə dövlət müşaviri, 2005-2006-cı illərdə milli azlıqlarla və dini qurumlarla iş üzrə dövlət müşaviri vəzifələrində çalışıb. 2006-2012-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edib.
Diplomat kimi 2012-2021-ci illərdə Azərbaycan Respublikasının Qırğızıstanda səfiri vəzifəsində işləyib.
Yazıçının poeziya, nəsr, publisistika və tərcümədən ibarət 60-dan çox kitabı nəşr olunub. "Heydər Əliyev və Azərbaycanda milli siyasət" monoqrafiyası ingilis, rus, gürcü, türk, ərəb və qırğız dillərində də çap edilib. Müxtəlif xalqların ədəbiyyatından tərcümələr edib, pyesləri ölkə daxilində və xaricdə səhnəyə qoyulub.
Yaradıcılığına görə "Əməkdar incəsənət xadimi" fəxri adına, "Şöhrət", 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenlərinə və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülüb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mərhumun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.