Sabah əməkdar artist Cabir İmanovla vida mərasimi keçiriləcək.
Yurd.Media "Report"a istinadən xəbər verir ki, aktyorun sənət dostu Murad Dadaşov bildirib ki, vida mərasimi sabah saat 12:30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində olacaq.
Onun sözlərinə görə, vida mərasiminin ardınca cənazə Yasamal rayonundakı Qurd qapısı qəbiristanlığına aparılacaq və orada dəfn olunacaq.
Qeyd edək ki, Cabir İmanov sentyabrın 29-da günorta saatlarında vəfat edib.
C.İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib.
1992–2001-ci illərdə "Parni iz Baku" şən hazırcavablar klubunun üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə Şən Hazırcavablar Klubunun Yay Kubokunun sahibi və 2000-ci ildə Şən Hazırcavablar Klubu "Əsrin Çempionu" olub. 2001-ci ildən "Planet Parni iz Baku" Şən Hazırcavablar Klubu Teatrının aktyoru olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Ailəli idi, 4 övladı var.