Bakıda gənc rəssamların Qarabağa həsr olunan rəsm əsərlərindən ibarət sərgi keçirilib

Bakıda gənc rəssamların Qarabağa həsr olunan rəsm əsərlərindən ibarət sərgi keçirilib

Bakı

Almaniyalı rəssam İnqa Şmidtin master-klassı çərçivəsində hazırlanan və Qarabağa həsr olunan əsərlərin sərgisi keçirilib.

Yurd.Media xəbər verir ki, “QGallery” rəsm qalereyasında təşkil olunan sərginin açılış mərasimində Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, Qarabağın əsrarəngiz təbiətinə, tarixi abidələrinə, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərinə həsr olunan 38 rəngkarlıq əsəri Fondun dəstəyi ilə gənc rəssamların inkişafına töhfə vermək məqsədilə dünya şöhrətli almaniyalı rəssam, Berlin Rəssamlıq Akademiyasının professoru İnqa Şmidtin Azərbaycan Rəssamlıq Akademiyasının (ADRA) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri üçün keçirdiyi master-klass çərçivəsində hazırlanıb.

R.Hacıyev qeyd edib ki, rəssam İnqa Şmidtin master-klassında iştirak edən gənclərin əksəriyyəti yüzlərlə digər tələbələr arasından seçilən, “Qarabağın Rəngləri – 2025” layihəsinin final mərhələsində iştirak etmək hüququ qazanan ADRA və ADMİU-nun tələbələridir.

Fondun sədri xatırlatdı ki, ötən il baş tutan “Qarabağın Rəngləri - 2024” layihəsi çərçivəsində ADRA-da təhsil alan 23 nəfər istedadlı gənc tərəfindən hazırlanan 19 rəsm və 4 heykəltəraşlıq nümunəsinin satışından əldə edilən 90.200 AZN vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldilib.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Akademiyanın prorektoru Salxab Məmmədov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova çıxış edərək layihənin əhəmiyyətindən danışıb, onun gənc rəssamların gələcək yaradıcılıq fəaliyyətinə böyük töhfə verəcəyini vurğulayıblar.

Çıxışlardan sonra rəsm əsərlərinin müəlliflərinə xüsusi sertifikatlar təqdim olunub.

Daha sonra sərgi iştirakçıları nümayiş olunan əsərlərlə tanış olub, xatirə şəkli çəkdiriblər.