18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü elan edilib.
Nazirlikdən Yurd.Media-ya bildirilib ki, mayın 18-də ziyarətçilərin muzeylərə girişi ödənişsiz təmin olunacaq. Təşəbbüsün məqsədi insanların asudə vaxtının daha səmərəli təşkili, eləcə də onların Azərbaycanın zəngin tarixi, mədəniyyəti və mədəni irsi ilə yaxından tanış olmasına şərait yaratmaqdır.
Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə təsis olunub və muzeylərin cəmiyyət həyatındakı mühüm rolunu diqqətə çatdırmağı hədəfləyir.