SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Sirlərini açmayan Atəşgah - FOTOREPORTAJ

Sirlərini açmayan Atəşgah - FOTOREPORTAJ

Bakının Suraxanı qəsəbəsində yerləşən Atəşgah məbədi Azərbaycanın ən çox ziyarət olunan tarixi abidələrindən biri olmaqla yanaşı, tədqiqatçıların diqqət mərkəzində olan unikal məkanlardan biridir.

Yurd.Media xəbər verir ki, Atəşgah məbədi il ərzində minlərlə, gün ərzində isə yüzlərlə xarici turist qəbul edir. Xüsusilə turizm mövsümündə ziyarətçilərin sayı gündə 500 nəfərdən çox olur.

Atəşgah Məbədi Dövlət Tarix-Memarlıq Qoruğunun elmi işçisi Nəzrin Zamanlının sözlərinə görə, məbəd yalnız memarlıq abidəsi deyil, həm də müxtəlif dinlərin və mədəniyyətlərin izlərini özündə qoruyub saxlayan mühüm tarixi məkandır.

Nəzrin Zamanlı bildirib ki, məbədin divarlarında və hücrələrində yerləşən qədim kitabələr bu gün də alimlərin marağına səbəb olur.

"Atəşgahın üzərində sanskrit, pəncab və fars dillərində yazılmış kitabələr mövcuddur. Bu yazılar məbədin tarixi və dini əhəmiyyəti barədə mühüm məlumatlar verir. Kitabələrin araşdırılması və öyrənilməsi istiqamətində tədqiqatlar davam etdirilir", – deyə o qeyd edib.

Atəşgah Məbədi Dövlət Tarix-Memarlıq Qoruğunun elmi işçisi Nəzrin ZamanlıAtəşgah Məbədi Dövlət Tarix-Memarlıq Qoruğunun elmi işçisi Nəzrin Zamanlı

Onun sözlərinə görə, tarixi abidənin qorunması xüsusi diqqət tələb edir.

"Atəşgah yüzilliklər boyu öz tarixi görkəmini qoruyub saxlayıb. Burada aparılan bütün mühafizə və konservasiya işləri abidənin orijinal memarlıq xüsusiyyətlərinin və tarixi elementlərinin qorunmasına yönəlib", – deyə N.Zamanlı vurğulayıb.

Elmi işçi qeyd edib ki, Atəşgah kompleksində yerləşən hücrələr vaxtilə rahiblərin, zəvvarların və tacirlərin istifadəsində olub. Mərkəzi ibadətgah isə dini ayinlərin keçirildiyi əsas məkan hesab olunub.

Nəzrin Zamanlının sözlərinə görə, Atəşgah bu gün də öz tədqiqat potensialını qoruyub saxlayır.

"Abidə ilə bağlı araşdırmalar davam edir. Hər yeni tədqiqat Atəşgahın tarixi, burada yaşamış insanlar və qədim dini ənənələr haqqında yeni məlumatların əldə edilməsinə imkan yaradır", – deyə o əlavə edib.

Qeyd edək ki, Atəşgah məbədi XVII-XVIII əsrlərdə formalaşmış memarlıq kompleksi olmaqla Azərbaycanın ən tanınmış tarixi abidələrindən biri sayılır və yerli turistlərlə yanaşı, xarici qonaqların da böyük marağına səbəb olur.

FOTO: Sadıq Əliverdibəyli

Atəşgah Məbədi Dövlət Tarix-Memarlıq Qoruğunun elmi işçisi Nəzrin Zamanlı
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları