SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Ümidlərin ünvanı: DOST mərkəzində vətəndaşın görünməyən hekayəsi - REPORTAJ

Ümidlərin ünvanı: DOST mərkəzində vətəndaşın görünməyən hekayəsi - REPORTAJ

Bakı

Azərbaycanda DOST Agentliyi 2018-ci ildən etibarən sosial xidmətlər sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə fəaliyyət göstərir. Agentliyin tabeliyindəki DOST mərkəzləri bu gün ölkə üzrə sosial xidmətlərin vahid və müasir modelini formalaşdırıb. Yurd.Media-nın reportaj hazırladığı Bakı şəhərində yerləşən 4 saylı DOST mərkəzi də bu sistemin ən aktiv mərkəzlərindən biridir.

Mərkəzə daxil olan vətəndaşları ilk qarşılayan könüllülər olur. Onlar müraciət edən şəxslərə sənədlərin doldurulmasında kömək edir, xidmət pəncərələrinə düzgün yönləndirir və vətəndaş axınının tənzimlənməsində mühüm rol oynayırlar.

“İnsanlarla ünsiyyət bizim üçün əsas dərsdir”

Könüllülərdən biri, Ləman Novruzova, Azərbaycan Universitetinin ictimai əlaqələr fakültəsinin III kurs tələbəsidir. Onun sözlərinə görə, DOST mərkəzində fəaliyyət gələcək peşə həyatı üçün əvəzsiz təcrübədir:

“Burada insanlarla düzgün ünsiyyət qurmağı öyrənirik. Ən çox müraciət edənlər yaşlı insanlardır. Onlara kömək etdikdə özümüzü faydalı hiss edirik. Bəzən vətəndaşlar narazılıqlarını emosional şəkildə bildirir, amma səbrlə və düzgün məlumat verməklə vəziyyəti yoluna qoymaq mümkündür”.

Ləman Novruzova artıq bir aydır ki, 4 saylı DOST mərkəzində könüllü kimi fəaliyyət göstərir.

DOST Mərkəzinin könüllüsü Ləman NovruzovaDOST Mərkəzinin könüllüsü Ləman Novruzova

“Könüllülük mənə sosial düşüncə qazandırdı”

Digər könüllü, Teymur Məhərrəmov, Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura pilləsində MBA üzrə təhsil alır. O bildirir ki, könüllülük fəaliyyəti həm şəxsi inkişaf, həm də sosial məsuliyyət baxımından böyük əhəmiyyət daşıyır:

“Buraya əsasən pensiya, məşğulluq və müavinətlərlə bağlı müraciətlər olur. Könüllü fəaliyyətə başlamazdan öncə xüsusi təlimlərdən keçirik. Açığı, əvvəllər bu sahədə məlumatım az idi. İndi isə pensiya və müavinət sistemini yaxşı anlayıram.”

Onun sözlərinə görə, DOST mərkəzi gənclər üçün boş vaxtın səmərəli keçirilməsi və real iş mühitinə uyğunlaşmaq baxımından mühüm platformadır.

DOST Mərkəzinin könüllüsü Teymur MəhərrəmovDOST Mərkəzinin könüllüsü Teymur Məhərrəmov

İş axtaranlar və ümidlə gələnlər

Məşğulluq məsələləri üzrə aparıcı mütəxəssis Rabiyə Hümmətova bildirir ki, mərkəzə müraciət edənlərin böyük bir qismi iş axtaranlardır:

“Əvvəlcə vətəndaşın müraciətini dinləyirik, bacarıqlarını müəyyənləşdiririk. Dil bilikləri və peşə vərdişlərinə uyğun olaraq karyera proqramlarına və məşğulluq tədbirlərinə yönləndiririk”.

Onun sözlərinə görə, bəzən təhsili olmayan və aztəminatlı ailələrdən olan xanımlar da müraciət edirlər:

“Belə hallarda onları dərzilik, aşpazlıq kimi peşə kurslarına yönləndiririk. Oxuyub-yazma bacarığı olmayan vətəndaşlara da mümkün qədər dəstək göstəririk.”

Rabiyə Hümmətova qeyd edir ki, özünüməşğulluq və peşə kurslarına qeydiyyat növbəlilik əsasında həyata keçirilir və bəzən vətəndaşlar bu səbəbdən narazılıq edirlər:

“Çalışırıq izah edək ki, bütün proseslər növbə və qaydalar əsasında həyata keçirilir”.

DOST Mərkəzinin məşğulluq məsələləri üzrə aparıcı mütəxəssisi Rabiyə HümmətovaDOST Mərkəzinin məşğulluq məsələləri üzrə aparıcı mütəxəssisi Rabiyə Hümmətova

Yaşlılara səbrlə xidmət

Pensiya məsələləri üzrə mütəxəssis Zülfiyyə Nəbiyeva isə bildirib ki, müraciətlərin əksəriyyəti yaşlı vətəndaşlarla bağlıdır:

“Onlara hər şeyi sadə dildə izah edirik. Yaşlı insanlara səbrlə yanaşmaq bizim əsas iş prinsipimizdir”.

DOST Mərkəzinin pensiya məsələləri üzrə mütəxəssisi Zülfiyyə NəbiyevaDOST Mərkəzinin pensiya məsələləri üzrə mütəxəssisi Zülfiyyə Nəbiyeva

DOST Agentliyi Prezident İlham Əliyevin 2018-ci il tarixli Fərmanı ilə yaradılıb. Bu günədək mərkəzlərdə 4 milyondan çox vətəndaşa xidmət göstərilib, məmnunluq səviyyəsi isə 98,7 faiz təşkil edir. Xidmətlərin 90 faizdən çoxu elektronlaşdırılıb.

Hazırda ölkə üzrə 7 DOST mərkəzi fəaliyyət göstərir, yaxın illərdə isə regionlarda yeni mərkəz və filialların açılması nəzərdə tutulur. DOST mərkəzlərində könüllülərin fəaliyyəti həm vətəndaş məmnunluğunun artırılmasına, həm də gənclərin sosial və peşəkar inkişafına mühüm töhfə verir.

FOTO: Sadıq Əliverdibəyli

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları