SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Rabitəbank kartları ilə onlayn alış-verişdəki problemlərin səbəbi nədir? - AÇIQLAMA

"Rabitəbank" kartları ilə onlayn alış-verişdəki problemlərin səbəbi nədir? - AÇIQLAMA

"Rabitəbank" müştəriləri tərəfindən son dövrlər onlayn alış-veriş əməliyyatlarının MCC 5734 (servis xidməti) kodu ilə qeydə alınaraq əlavə komissiya tutulması ilə bağlı bir sıra şikayətlər olub. Bildirilir ki, fiziki məhsul alınmasına baxmayaraq, əməliyyatlar xidmət kimi təsnif edilir və bu əsasla komissiya hesablanır. Müştərilər komissiyanın geri qaytarılması üçün invoys təqdim etməyə məcbur edilir, lakin bəzi beynəlxalq platformalar, o cümlədən AliExpress, hazırda alıcılara invoys təqdim etmir.

Eyni zamanda qeyd olunur ki, digər bankların kartları ilə eyni platformada aparılan əməliyyatlar fərqli MCC kodları (məsələn, 5311 – pərakəndə satış) ilə rəsmiləşdirilir və komissiya tutulmur. Şikayətlərdə həmçinin komissiya məbləğinin qəbzlərdə ayrıca göstərilmədiyi də vurğulanır.

"Rabitəbank"dan Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, onlayn alış-veriş əməliyyatları üzrə istifadə olunan MCC (Merchant Category Code) kodları əməliyyatın həyata keçirildiyi ticarət obyektinin xidmət aldığı bank tərəfindən müəyyən edilir və beynəlxalq ödəniş sistemləri olan Visa və Mastercard vasitəsilə banka ötürülür:

"Qeyd olunan kodların formalaşdırılması bankın birbaşa nəzarətində deyil və bu səbəbdən Rabitəbank tərəfindən dəyişdirilməsi mümkün deyil".

Bankdan həmçinin bildirilib ki, bəzi hallarda satıcı tərəfin bankı tərəfindən əməliyyatların uyğun olmayan MCC kodu ilə təsnif edilməsi halları baş verə bilər:

"Xüsusilə geniş çeşidli məhsul və xidmətlər təqdim edən beynəlxalq platformalarda eyni platforma daxilində müxtəlif MCC kodlarının tətbiqi mümkündür. Bu səbəbdən eyni platformada aparılan əməliyyatlar üzrə vergi tətbiqinin fərqlənməsi birbaşa bankdan deyil, əməliyyatın emal xüsusiyyətlərindən asılıdır.

Mövcud qaydalara əsasən, əməliyyat xidmət kateqoriyasına aid edildiyi halda, həmin əməliyyat üzrə vergi tutulması tətbiq olunur".

Fiziki məhsul alınmasına baxmayaraq əməliyyatın yanlış MCC ilə təsnif edilməsi ilə bağlı isə "Rabitəbank"dan bildirilib ki, belə hallar sistem tərəfindən avtomatik fərqləndirilə bilmədiyindən, bu tip müraciətlər bank tərəfindən fərdi qaydada araşdırılır:

"Tutulmuş vergi məbləğinin geri qaytarılması ilə bağlı müraciətlər zamanı əməliyyatın mahiyyətini təsdiq edən sənədlər tələb olunur. Bəzi beynəlxalq platformalar, o cümlədən AliExpress tərəfindən klassik invoys təqdim edilmədiyi hallarda, alternativ olaraq sifariş detalları (order details), elektron qəbzlər və ya platformadan əldə olunan digər təsdiqedici məlumatlar da nəzərə alına bilər".

Bankdan qeyd olunub ki, komissiya məbləğinin qəbzlərdə ayrıca göstərilməməsi texniki səbəblərlə bağlı olub:

"Bank bu istiqamətdə təkmilləşdirmə işləri aparır və müştəri təcrübəsinin daha da yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilir".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları