 
 
            Yurd.Media daha əvvəl həyata keçirdiyi “O, banka sədr gələndən sonra” və “O, sığorta şirkətinə sədr gələndən sonra...” adlı layihələrinin davamı olaraq bu gündən “O, investisiya şirkətinə sədr gələndən sonra...” adlı yeni layihəyə başlayır.
Layihənin məqsədi Azərbaycandakı investisiya şirkətlərinin İdarə Heyətinə (İH) sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.
Layihənin ilk qonağı “CFI Financial İnvestisiya Şirkəti” QSC-nin İH-nin sədri Pərvanə Qasımovadır.
O, uzun illər “Azfinance” adı il fəaliyyət göstərmiş və hazırda əsas səhmdarı dünyanın aparıcı onlayn ticarət brokeri - “CFI Financial Group” olan investisiya şirkətinə 2024-cü ilin oktyabr ayından rəhbərlik edir, qiymətli kağızlar sektorunda 16 illik iş təcrübəsinə malikdir. Bunun 6 ili indiki iş yerinin payına düşüb.
P.Qasımovanın dövründə “CFI Financial”ın aktivləri təxminən 41% azalıb. Əgər 2023-cü ilin yekununda investisiya şirkəti 14,8 milyon manat aktivlərə malik olubsa, bu rəqəm 2024-cü ilin yekununda 8,7 milyon manat təşkil edib.
Son 1 ildə “CFI Financial” mənfəətdən zərərə keçib. Belə ki, investisiya şirkəti 2023-cü ildə 0,5 milyon manat xalis mənfəət əldə etdiyi halda, 2024-cü ildən 1 milyon manat xalis zərərlə çıxıb.
“CFI Financial” müştərilərinə baş ofisi vasitəsilə xidmət göstərir.
