"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov kosmetika istehsalçısı "Gazelli Group" MMC-dəki payını götürərək əsas səhmdarı olduğu "Premium Bank" ASC-yə yatırıb.
Bankdan Yurd.Media-ya bildirilib ki, "Premium Bank"ın nizamnamə kapitalı 20 milyon manat artırılaraq 174,6 milyon manata çatdırılıb. Kapital artımı üçün dövriyyəyə buraxılmış yeni səhmlərin hamısını Cahangir Əsgərov əldə edib.
Beləliklə, C. Əsgərovun "Premium Bank" dəki payını 84,47 %-dən 86,25 %-ə qaldırılıb, digər səhmdarlar - "VIP Aviation Services" MMC-nin payı 15,22 %-dən 13,47 %-ə, Elvira Əhmədovanın payı isə 0,31 %-dən 0,28 %-ə düşüb.
Xatırladaq ki, bu günlərdə Cahangir Əsgərov ölkənin aparıcı kosmetika istehsalçısı "Gazelli Group" MMC-dəki payını götürərək holdinqi tərk edib. Belə ki, "Zərifə Həmzəyeva adına Gazelli parfüm və kosmetik fabriki" MMC-nin "Gazelli Group"dan ayrılması ilə şirkət yenidən təşkil olunub.
Z.Həmzəyeva C.Əsgərovun həyat yoldaşı olub. O, ötən ilin yanvar ayında vəfat edib. Z.Həmzəyeva həm də “Premium Bank”ın əsas səhmdarı idi – dünyasını dəyişdikdən sonra bankdakı payı həyat yoldaşına keçib.
"Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb, 2008-ci ildə adını "Silk Vey Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib.