Bank VTB (Azərbaycan) ASC nizamnamə kapitalını 3 dəfədən çox azaldaraq 94,7 milyon manata salacaq.
Bankdan Yurd.Media-ya bildirilib ki, səhmdarların Ümumi Yığıncağında qanunvericiliyin tələblərinə uyğun olaraq bankın nizamnamə kapitalının 94 744 500 manatadək azaldılması barədə qərar qəbul edilib.
"Qərar bankın kapital strukturunun cari maliyyə göstəricilərinə uyğunlaşdırılması və səhmdarlara dividend ödənilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinin müvafiq tələblərinə uyğun qəbul edilib. Bankın mövcud nizamnamə kapitalının müəyyən edilmiş normadan dəfələrlə artıq olması bu növ qərarın qəbul olunmasını mümkün edib".
Bununla əlaqədar olaraq 2020-ci ilədək formalaşmış və artıq ödənilmiş zərərin formal uyğunlaşdırılmasına dair qərar verilib.
"Sözügedən dəyişiklik bankın cari fəaliyyəti, maliyyə dayanıqlığı, müştərilər qarşısında öhdəlikləri, eləcə də təqdim etdiyi məhsul və xidmətlərə heç bir təsir göstərmir. Bankın normativ göstəriciləri müvafiq qanunvericiliklə müəyyən edilmiş tələblərə tam uyğundur", - Bankdan bildirilib.
Bank VTB (Azərbaycan) ASC-nin kreditorları avqustun sonuna qədər mövcud tələblərini banka təqdim etmək hüququna malikdirlər. Müraciətlər Bakı şəhəri, Xətai prospekti 38 ünvana təqdim edilə bilər.
Qeyd edək ki, "Bank VTB Azərbaycan" 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı hazırda 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i "Bank VTB Rusiya" ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq" MMC-nin keçmiş baş direktoru) məxsusdur. Bankın İdarə Heyətinin sədri İqor Okayevdir.