SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Azərbaycanda banklar süni intellektin tətbiqində hansı yeniliklərə hazırlaşır? - ARAŞDIRMA

Azərbaycanda banklar süni intellektin tətbiqində hansı yeniliklərə hazırlaşır? - ARAŞDIRMA

Son illərdə süni intellekt (Aİ) texnologiyalarının sürətli inkişafı qlobal maliyyə sektorunda köklü dəyişikliklərə səbəb olub. Bankçılıq sahəsində bu texnologiyaların tətbiqi əməliyyat xərclərinin azaldılması, müştəri təcrübəsinin yaxşılaşdırılması, risklərin daha dəqiq qiymətləndirilməsi və fırıldaqçılıq hallarının qarşısının alınması baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycan bank sektoru da qlobal rəqəmsallaşma trendlərindən kənarda qalmır. Bunu nəzərə alaraq Yurd.Media Azərbaycan banklarında süni intellekt texnologiyalarının tətbiq istiqamətlərini araşdırıb.

"İlk rəqəmsal bankın əsasında süni intellekt texnologiyalarının tətbiqi dayanır"

"Kapital Bank"ın ASC-nin İctimaiyyətlə əlaqələr üzrə proses sahibi Arzu Əliyeva sorğumuza cavab olaraq qeyd edib ki, "Birbank" Azərbaycanın ilk rəqəmsal bankıdır, rəqəmsallaşmanın əsasında isə məhz süni intellekt əsaslı texnologiyaların tətbiqi dayanır:

"Bankımızda bu texnologiyalar bir çox istiqamətlərdə tətbiq edilir. Xüsusən də bank əməliyyatlarının avtomatlaşdırılması, proseslərin effektivliyinin optimallaşdırılması, müştərilərimizə rahat, sürətli və unikal həllər təqdim etməkdə məhz bu texnologiyadan istifadə edilir. Hətta bu texnologiyaların istifadəsinə görə bankımız 2024-cü ildə dünyanın nüfuzlu maliyyə jurnallarından biri olan “Global Finance” tərəfindən “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görülüb".

Arzu Əliyeva müştəri sorğularının cavablandırılması üçün istifadə edilən süni intellekt əsaslı texnologiya ilə tətbiq edilən layihəni qeyd edərək bildirib ki, hazırda bankın Əlaqə Mərkəzinə (196) edilən zənglər xüsusi təlimlənmiş nitqdən-mətnə (STT) modeli ilə emal edərək müştəri sorğularını avtomatik cavablandırır, ehtiyac olduğu halda isə operatora yönəldir:

"Bu texnologiyalar müştərilərimizin səsli sorğularını mətnə çevirərək zənglə edilən müraciətləri daha rahat idarə etməyə imkan yaradır və ya əksinə mətn əsaslı cavabları səsli cavablar kimi təqdim edir. Hazırda bu texnologiyaların tətbiqi nəticəsində bankımızın Əlaqə Mərkəzində xidmət sürəti bir neçə dəqiqədən bir neçə saniyəyə qədər azalıb".

"Kapital Bank"ın ASC-nin İctimaiyyətlə əlaqələr üzrə proses sahibi Arzu Əliyeva

"Kapital Bank"ın ASC sözçüsü həmçinin qeyd edib ki, "Birbank" mobil tətbiqi daxilində təqdim olunan Çat texnologiyasında isə müştərilərin davranışlarına və sorğularına uyğun olaraq cavablar təqdim edən sistem mövcuddur:

"Bu sistem müştərilərin suallarını və ehtiyaclarını təhlil edərək onları ən uyğun cavablar və həllərlə təmin edir. Hazırda bankımızda bu texnologiyanın daha da təkmilləşdirilməsi istiqamətində işlər gedir. Yaxın zamanda biz müştərilərimizə daha effektiv şəkildə dəstək ola biləcəyik ki, bununla da müştərilərimiz insan köməyinə ehtiyac olmadan, növbə gözləmədən, vəsait itirmədən suallarına daha rahat və sürətli şəkildə cavab ala biləcəklər.

"Süni intellekt məqsəd deyil, daha səmərəli bankçılıq üçün vasitədir"

"AccessBank"dan isə Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, süni intellekt texnologiyalarına yanaşma mərhələli və praktik faydaya əsaslanır. Bankda AI həlləri əsasən aşağıdakı istiqamətlərdə tətbiq olunur:

· Məlumatların analizi və qərar dəstəyi: Böyük həcmli məlumatların təhlili, davranış modellərinin müəyyənləşdirilməsi və daxili analitik hesabatların hazırlanmasında süni intellekt alətləri tətbiq olunur.

· Media və kommunikasiya analitikası: Neurotime ilə əməkdaşlıq çərçivəsində bankın media mühitindəki görünürlüyü, brend haqqında məlumat axını və kommunikasiya effektivliyi AI əsaslı platformalar vasitəsilə təhlil edilir. Bu, daha çevik və ölçülə bilən kommunikasiya qərarlarının verilməsinə imkan yaradır.

"Ümumilikdə, süni intellekt AccessBank-da əməliyyatların sürətləndirilməsi, keyfiyyətin artırılması və insan faktorunu tamamlayan ağıllı dəstək mexanizmi kimi tətbiq olunur", - bankldan bildirilib.

Həmçinin qeyd olunub ki, 2026-cı il üçün AccessBank-ın strateji baxışında süni intellekt texnologiyalarının istifadəsinin genişləndirilməsi mühüm yer tutur:

"Planlarımız aşağıdakı əsas istiqamətləri əhatə edir:

- Daha dərin analitika və proqnozlaşdırma. Risklərin daha erkən mərhələdə müəyyənləşdirilməsi, müştəri ehtiyaclarının proqnozlaşdırılması və məhsul təkliflərinin fərdiləşdirilməsi.

- Omnikanal müştəri təcrübəsi. Müştərinin bankla təmasda olduğu bütün kanallarda (rəqəmsal, çağrı mərkəzi, filial) vahid və ağıllı AI dəstəyi ilə daha rahat təcrübənin formalaşdırılması.

- Daxili proseslərin avtomatlaşdırılması. Hesabatlılıq, sənəd dövriyyəsi və əməliyyat proseslərində AI əsaslı avtomatlaşdırmanın genişləndirilməsi.

- Strateji tərəfdaşlıqların inkişafı. Neurotime kimi yerli texnologiya tərəfdaşları ilə əməkdaşlıq edərək bank sektoruna uyğun, təhlükəsiz və tənzimləyici tələblərə cavab verən AI həllərinin inkişafı".

Bildirilib ki, "AccessBank" üçün süni intellekt məqsəd deyil, daha səmərəli bankçılıq, daha yaxşı müştəri təcrübəsi və davamlı inkişaf üçün vasitədir:

"2026-cı il bu yanaşmanın daha sistemli və genişmiqyaslı tətbiqi baxımından əhəmiyyətli mərhələ olacaq".

"Əsas prioritet süni intellektin məsuliyyətli, etik və tənzimləyici tələblərə uyğun şəkildə tətbiq edilməsidir"

"Yelo Bank"dan Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Bankda süni intellekt texnologiyalarının tətbiqi müştəri təcrübəsinin yaxşılaşdırılması, əməliyyatların optimallaşdırılması və risklərin daha effektiv idarə olunması kimi əsas istiqamətlərdə nəzərdə tutulur:

"Hazırda bu sahədə ilkin addımlar atılmış, strateji yanaşma formalaşdırılmış və davamlı inkişaf üçün zəruri infrastruktur qurulmaqdadır. Bank üçün əsas prioritet süni intellektin məsuliyyətli, etik və tənzimləyici tələblərə uyğun şəkildə tətbiq edilməsidir".

Bu il "Yelo Bank" süni intellekt sahəsində mövcud təşəbbüsləri daha da inkişaf etdirməyi hədəfləyir:

"Bu prosesdə əsas diqqət müştəri yönümlü həllərin genişləndirilməsinə, risklərin daha çevik idarə olunmasına və beynəlxalq standartlara uyğun kompetensiyaların gücləndirilməsinə yönələcək. Bankın yanaşması mərhələli, məsuliyyətli və uzunmüddətli inkişafı təmin etməyə əsaslanır".

"Bankda süni intellektə dair vəzifələr yaradılıb"

Yurd.Media-nın sorğusuna cavab olaraq “Unibank”dan bildirildi ki, hazırda Bankın Marketinq Departamenti, Müştəri Xidmətləri, Əlaqə Mərkəzi və digər istiqamətlərdə Aİ-dən istifadə edilir:

"Bundan başqa, Bankda Aİ-yə dair vəzifələr yaradılıb ki, onların da  əsas məqsədi süni intellektin digər istiqamətlərinə (Risklərin idarə edilməsi, Proseslərin idarə edilməsi, Biznes) tətbiqidir”.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları