Yurd.Media-nın “O, banka sədr gələndən sonra ...” adlı layihəsinin növbəti qonağı “AFB Bank” ASC-nin İdarə Heyətinin (İH) sədri Amid Qənbərovdur.
Xatırladaq ki, layihənin məqsədi Azərbaycandakı bankların İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.
A.Qənbərova gəlincə, o, səhmdarları 3 yerli fiziki şəxs olan Azərbaycan bankına 2024-cü ilin may ayından rəhbərlik edir, maliyyə sektorunda təxminən 20 illik iş təcrübəsinə malikdir. Bunun da 19 ili “Bank of Baku” ASC-nin payına düşüb.
Yeri gəlmişkən, “AFB Bank”ın səhmlərinin 99,6%-nə nəzarət edən Hikmət İsmayılov “Bank of Baku”da da 31,1% pay sahibidir.
A.Qənbərovun dövründə “AFB Bank”ın aktivləri təxminən 5% artıb. Əgər ötən il iyulun 1-nə Bank 297,5 milyon manatlıq aktivlərə malik olubda, bu il iyulun 1-nə bu rəqəm 311,8 milyon manat təşkil edib.
İl ərzində “AFB Bank”ın mənfəətində isə 4,3 dəfə artım olub. Belə ki, Bank 2024-cü ilin I yarısını 0,6 milyon manat mənfəətlə başa vurduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 2,7 milyon manat təşkil edib.
A.Qənbərovun dövründə “AFB Bank”ın filiallarının sayı isə dəyişməyərək 6 qalıb.
Daha əvvəl “O, banka sədr gələndən sonra ...” layihəsi çərçivəsində Yurd.Media “Access Bank” QSC-nin İH-nin sədri David Tsiklauri barədə infoqrafika təqdim etmişdi.