Azərbaycanda ən çox bank kartından oğurluq olunan yaşlı qadınlardır.
Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentin direktoru Elnur Eyvazlı bildirib ki, Azərbaycanda əksər hallarda qadınların hesablarından pul oğurlanır.
Onun sözlərinə görə, həyata keçirilən tədbirlərin nəticəsində, hesabların ələ keçirilməsi hallarının sayında azalma müşahidə olunur:
"Bununla yanaşı, maarifləndirmə istiqamətində əlavə dəstəyə ehtiyac var. Statistik göstəricilərə görə, dələduzluq qurbanları arasında daha çox qadınlar, xüsusilə də yaşlı nəslin nümayəndələri üstünlük təşkil edir. Təəssüf ki, maliyyə vəsaitlərinin oğurlanması hallarında bu tendensiya özünü açıq şəkildə göstərir".
O vurğulayıb ki, bütün insidentlər üzrə təhlil aparılır, baş verən hadisələrdən çıxarılan nəticələr qiymətləndirilir və bu halların səbəblərini araşdıraraq tənzimləmə mexanizmlərini daha da təkmilləşdiririlir:
"Konseptual yanaşmamız ondan ibarətdir ki, dövlət qurumları arasında daha geniş inteqrasiya təmin edilməlidir. İnsidentlərin idarə olunması üçün vahid platforma formalaşdırılmalı, hüquq-mühafizə orqanlarının da həmin platformaya çıxışı olmalıdır. Bu, insident baş verdiyi anda aidiyyəti qurumlarla operativ əlaqə yaradılmasına və çevik reaksiyaya imkan verəcək", - deyə o qeyd edib.