Sabunçuda avtomobil nömrələrini oğurlayıb sahiblərindən pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, zərərçəkənlər polisə müraciət edərək onlara məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının naməlum şəraitdə oğurlandığını bildiriblər. Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Həsən Səfərli müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurladıqdan sonra öz mobil nömrəsini nəqliyyat vasitələrinin üzərinə yerləşdirib. Daha sonra avtomobil sahibləri həmin nömrə ilə əlaqə saxladıqda, nişanları geri qaytarmaq üçün onlardan pul tələb edib. Onun bu üsulla paytaxtın digər ərazilərində də analoji cinayətlər törətdiyi məlum olub.
Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı isə iki avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrindən nağd pul oğurlamaqda, həmçinin rayon ərazisində yerləşən obyektdən əlvan metallar talamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 27 yaşlı Elçin Xəlilov da müəyyən edilərək saxlanılıb.
Hər iki şəxslə bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir.