“Bitki sağlamlığı haqqında” qanun layihəsinə əsasən zərərli orqanizmlərin risk təhlili zərərli orqanizmin yarada biləcəyi riskləri minimuma endirmək üçün tətbiq olunan tədbirlərin obyektivliyi, adekvatlığı və effektivliyi prinsipləri nəzərə alınmaqla aparılacaq.
“Yurd.media” xəbər verir ki, zərərli orqanizmin risk təhlili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq beynəlxalq standartların tələbləri nəzərə alınmaqla həyata keçirilir.
Zərərli orqanizmin risk təhlili aşağıdakı mərhələlərdən ibarətdir:
İlkin araşdırma – orqanizmin risk qiymətləndirilməsinin aparılması üçün onun identifikasiyası, zərərli olub-olmamasının və yayılma yollarının müəyyən edilməsi proseslərindən ibarət zərərli orqanizmin ilkin araşdırılması;
Riskin qiymətləndirilməsi – zərərli orqanizmin karantin tətbiq edilən zərərli orqanizmlərə dair meyarlara uyğunluğunun, daxil olması, məskunlaşması və yayılması ehtimalının və onunla bağlı potensial iqtisadi, ekoloji nəticələrin miqyasının qiymətləndirilməsi proseslərindən ibarət zərərli orqanizmlərin riskinin qiymətləndirilməsi;
Riskin idarə edilməsi – zərərli orqanizmin daxil olması və yayılması riskinin azaldılması üsullarının qiymətləndirilməsi və seçilməsindən ibarət zərərli orqanizmlərin yayılmasının qarşısının alınması, aradan qaldırılması və ya azaldılması.
Zərərli orqanizmin risk təhlilinin nəticələri bir sıra fitosanitar tədbirlərin həyata keçirilməsi zamanı nəzərə alınır.
Qeyd edək ki, “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi 10 fəsil 46 maddədən ibarətdir.