“Bitki sağlamlığı haqqında” qanun layihəsi özündə nəyi ehtiva edir?

“Bitki sağlamlığı haqqında” qanun layihəsi özündə nəyi ehtiva edir?

Azərbaycan Respublikasının ərazisində bitki sağlamlığının təmin edilməsi ilə bağlı həyata keçirilən fitosanitar nəzarət və fitosanitar xidmət fəaliyyətlərinin təşkilinin hüquqi əsaslarının müəyyən edilməsi, fitosanitar nəzarət və xidmət sahəsində fəaliyyət göstərən subyektlər arasındakı münasibətlərin tənzimlənməsi və bu sahədə qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə 10 fəsil 46 maddədən ibarət olan yeni “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi hazırlanıb.

Yurd.Media xəbər verir ki, Qanun layihəsi Azərbaycan Respublikasında ilkin istehsal, istehsal və ilkin emal edilən, Azərbaycan ərazisinə idxal olunmuş bitki və bitkiçilik məhsullarına, əkin və səpin materiallarına, habelə onların ilkin istehsalı, istehsalı, ilkin emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrə, habelə onların istehsalı, emalı, saxlanması, daşınması, idxalı, ixracı, satışı, istifadəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil edilir.

Layihədə bitki sağlamlığı sahəsində dövlət tənzimlənməsi, bitki mühafizəsinin və karantinin təşkili, bitkiçilik subyektlərinin hüquq və vəzifələri, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına (emalına), dövriyyəsinə, istifadəsinə dair tələblər, həmin məhsulların istehsalı (emalı) və dövriyyəsi ilə məşğul olan obyektlərin qeydiyyatı, fitosanitar xidmətlər və bitki sağlamlığı sahəsində maliyyələşdirmə ilə bağlı müddəalar nəzərdə tutulub.
Layihəyə əsasən ölkə üzrə Bitki Sağlamlığı Reyestrinin yaradılması və qeydiyyata alınmış bitkiçilik subyektləri və (və ya) onların obyektlərinin, bitki mühafizə vasitələrinin, aqrokimyəvi maddələrin, həmçinin onların istehsalı (emalı) və dövriyyəsi ilə məşğul olan subyektlərin və onların obyektlərinin, qeyri-dövlət fitosanitar xidmətlərini həyata keçirən subyektlərin həmin reyestrə daxil edilməsi nəzərdə tutulur.

Həmçinin layihədə bitkiçilik subyektləri və (və ya) onların obyektlərinin, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı (emalı) və dövriyyəsi ilə məşğul olan subyektlər və (və ya) onların obyektlərinin qeydiyyata alınmasına dair Bitki Sağlamlığı Reyestrindən çıxarış, bitki və bitkiçilik məhsullarına, əkin və səpin materiallarına daxili karantin aktı, əkin və səpin materiallarına idxal karantin rəyi, karantin nəzarətində olan materiallara, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrə idxal sağlamlıq aktının verilməsi ilə bağlı icazə sənədləri nəzərdə tutulub.
Eyni zamanda, layihədə bitki, bitkiçilik məhsullarının beynəlxalq ticarəti zamanı idxalçı ölkələrin fitosanitar idxal tələblərinə uyğunluğun təsdiqi məqsədilə “zərərli orqanizmlərdən azad zona”, “zərərli orqanizmdən azad istehsal sahəsi” və ya “zərərli orqanizmdən azad istehsal yeri” ilə bağlı müddəalar nəzərdə tutulub.

Layihə qəbul edildikdən sonra “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının 2006-cı il 12 may tarixli 102-IIIQ nömrəli Qanunun ləğv edilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”na uyğun olaraq, qanunamüvafiq prosedurlar həyata keçirilir.