Milyardlarla istehlakçını əhatə edən halal iqtisadiyyat investisiya, ticarət, innovasiya və biznes üçün geniş imkanlar yaradır.
Yurd.Media xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Azərbaycan Halal Biznes Forumunun (AZHAB Forum) xüsusi sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, bu gün halal iqtisadiyyat qlobal iqtisadiyyatın ən sürətlə inkişaf edən istiqamətlərindən biridir.
“Bu sahə yalnız halal qida məhsulları ilə məhdudlaşmır, həmçinin maliyyə, əczaçılıq, kosmetika, turizm, logistika, rəqəmsal texnologiyalar və digər sektorları da əhatə edir. Milyardlarla istehlakçını əhatə edən halal iqtisadiyyat investisiya, ticarət, innovasiya və biznes üçün geniş imkanlar yaradır. Bununla yanaşı, standartlar, sertifikatlaşdırma, bazarlara çıxış, maliyyələşmə, rəqəmsal transformasiya və dəyər zəncirlərinin inteqrasiyası kimi məsələlər ayrı-ayrı ölkələrin səyləri ilə həll edilə bilməz.
Bu çağırışların öhdəsindən gəlmək üçün ortaq baxış, kollektiv liderlik və koordinasiyalı fəaliyyət tələb olunur”, – deyə Orxan Məmmədov qeyd edib.
O.Məmmədovun sözlərinə görə, etik prinsiplərə, risklərin bölüşdürülməsinə və real iqtisadi fəaliyyətə əsaslanan İslam maliyyəsi halal biznesin, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafında mühüm rol oynaya bilər: “Halal sənaye iştirakçıları ilə İslam maliyyə institutları arasında əməkdaşlığın genişləndirilməsi investisiyaların cəlb edilməsinə, ticarətin inkişafına və üzv ölkələrdə dayanıqlı iqtisadi artıma töhfə verəcək”.