İranda baş verən müharibə şəraitində Azərbaycan daşınmaz əmlak bazarında, xüsusilə kirayə seqmentində qiymət artımı realdır.
Bunu Yurd.Media-ya Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, quru sərhədlər bağlı olsa da, hava yolu və digər kanallarla İran vətəndaşları, eləcə də münaqişə bölgələrindən gələn digər şəxslər ölkəmizə üz tutur. Bu isə daşınmaz əmlak bazarına müraciətlərin sayını artırır.
“Bölgədə hər hansı münaqişə və müharibə şəraitində daşınmaz əmlak qiymətləri yüksəlir. Rusiya-Ukrayna müharibəsinin başlanğıc dövründə biz bunu müşahidə etmişik. Kirayə bazarına müraciətlərin artması satış bazarında qiymətlərin yüksəlməsinə səbəb olur. Bu baxımdan Azərbaycanda kirayə mənzil biznesi genişlənir və qiymətlərin artmasına təkan verir,” — deyə Vüqar Oruc vurğulayıb.
Ekspert qeyd edib ki, ilk növbədə kirayə qiymətləri yüksələcək, sonra isə bu artım satış qiymətlərinə də təsir göstərəcək.
O qeyd edib ki, kirayə qiymətlərinin artması sahənin perspektivini artırır və insanların mənzil alıb kirayəyə vermək istəyi satış bazarında da qiymətləri yüksəldir:
"Müharibə uzun müddət davam edərsə, daşınmaz əmlak qiymətlərinin qalxması perspektivi daha da reallaşacaq".
İqtisadçı ekspert Vüqar Oruc