Azərbaycanda orta əməkhaqqının 1100 manat olduğunu nəzərə alaraq minimum əməkhaqqı 500-550 manat olmalıdır ki, beynəlxalq standartlardan geri qalmayaq.
Bunu Yurd.Media-ya beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib.
Mütəxəssisin sözlərinə görə, beynəlxalq standartlarla müqayisədə Azərbaycanda minimum əməkhaqqının orta əməkhaqqına nisbəti çox aşağıdır:
"Minimum əməkhaqqı 400 manat, orta əməkhaqqı 1100 manat olduğu təqdirdə bu hesblamalar hardasa 36-37 maksimum 38 faiz edir. Bu da beynəlxalq standartlara görə çox aşağıdır. Burda əməkhaqqı bərabərsizliyi yaranır. Yəni yuxarı maaş alanlarla aşağı maaş alanlar arasında fərq çox kəskindir. Beynəlxalq standartlara görə minimum 45-50 faiz olmalıdır. Tənzimləməni həyata keçirən iqtisadçılar bunu nəzərə almalıdır".
Asif İbrahimovA.İbrahimov vurğulayıb ki, bu daxili bazarda iqtisadi artımda da, sosial məsələlərə də bir sıra fəsadlar yaradır:
"Beyin axını baş verir. İxtisaslı, peşəkar mütəxəssislərin də ölkədən çıxıb getməsinin müəyyən səbəbləri mövcuddur. Bunlardan biri də məhz budur. Bu sahədə konkret olaraq əl yetirilməlidir. Rəqəmlər yox, hesablamalar aparılmalıdır. Avropa İttifaqı ölkələrində bu göstərici 45-60 %-dır. Avropanın ən kasıb yaşayan ölkələrində - Macarıstan və Şərqi Avropa ölkələrində bu 45-50 % nisbətindədir. Azərbaycanda bu standartlara riayət olunmur. Yəni biz də bunu gözləməliyik. Hazırkı zamanda minimum əməkhaqqı 550 manat olaraq müəyyənləşdirməlidir".
Sosial məsələlərin iqtisadi amillərə təsirindən söz açan mütəxəssis qeyd edib ki, bunun az gəlirli əhaliyə müsbət təsiri olmalıdır ki, daxili bazarda da canlanma müşahidə edilsin:
"Belə olmadığı təqdirdə az gəlirli əhalinin yardım və ianələrə ehtiyacları çoxalır. Daxili bazarın alıcılıq qabilliyyəti aşağı düşür. Yəni bu beynəlxalq standartların meyarlarından biridir. Belə kəskin fərq olduğu halda alıcılıq qabiliyyəti də çox aşağı düşür. Belə aşağı düşdüyü təqdirdə də belə bir termin ortaya çıxır - "Gəlir bərabərsizliyi". Yəni 36-37 % olan bu əmsal gəlir bərabərsizliyi deməkdir artıq. Bununla bağlı ciddi işlər aparılmalıdır. Bu tənzimləmələr beynəlxalq standartlara uyğun olaraq düzgün həyata keçirilməlidir".