Azərbaycanda vətəndaşların kredit üzrə cərimələri hansı hallarda silinə bilər?

Azərbaycanda vətəndaşların kredit üzrə cərimələri hansı hallarda silinə bilər?

Azərbaycanda bank müştəriləri bir sıra hallarda kredit məbləğinin üzərinə gələn əlavə faizlərin silinməsi ilə bağlı müraciətlər edirlər.

Yurd.media xəbər verir ki, vəkil Anar Ramazanov "Xəzər Xəbər"-ə müsahibəsində kredit cərimələrinin silinməsi ilə bağlı vətəndaşların banka və ya məhkəməyə müraciət edə biləcəyini deyib.

Onun sözlərinə görə, banklar müştəri ilə fərdi qaydada razılaşaraq, borcu silə bilərlər:

"Belə olan halda müştəri cərimələrin silinməsi üçün banka müraciət etməlidir və ya vətəndaş özünə əmindirsə, birbaşa  məhkəməyə müraciət edə bilər. Lakin daha yaxşı olar ki, müqavilə şərtlərinin dəyişməsi və ya hər hansı bir məsələ üçün banka müraciət etsin”.

Vəkilin sözlərinə görə, faizlərin azaldılması və dəyişdirilməsində  məhkəmələr müstəsna hüquqlara malik deyil:

“Məhkəmədə faizlərin dəyişdirilməsi bir qayda olaraq,  məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə baş tutur".

Beləliklə, banklar müştəri ilə razılaşma yolu ilə faizləri qismən və ya tamamilə silə bilərlər. Bu uzunmüddətli borc gecikmələrində  və ya müştərinin çətin maliyyə vəziyyətində olduğu hallarda baş verir. Əgər borc məhkəmə müstəvisində həll olunursa və borcalanın ödəmə qabiliyyətinin ciddi şəkildə məhdud olduğu sübuta yetirilərsə məhkəmə dəbbə pulunun silinməsinə qərar verə bilər.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə, Azərbaycanda problemli kreditlərin məbləği son 1 ildə 4.6% və ya 21 milyon manat artıb. 2025-ci il fevral ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 475.1 milyon manat təşkil edib.