Xətai rayonunda asfalt küçələri abadlaşdırmaq adı ilə palçığa çevirdilər - ŞİKAYƏT

Xətai rayonunda asfalt küçələri abadlaşdırmaq adı ilə palçığa çevirdilər - ŞİKAYƏT

Bakı

Əhmədli sakinləri yarımçıq qalmış abadlıq işlərindən narazıdırlar.

Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən yaşayış binalarının sakinləri məhəllədə aparılan abadlıq işlərinin dayandırılmasından şikayət edirlər.

Yurd.Media xəbər verir ki, sakinlər bir neçə ay əvvəl abadlıq məqsədilə məhəllədə söküntülərin başladığını, lakin nə söküntünün bərpa olduğunu, nə də qalıqların təmizləndiyini bildiriblər. Onlar həm də tullantılar və qum əlindən hərəkətlərinin də xeyli çətinləşdiyindən gileyləniblər.


Xətai rayonu, Cavanşir 21 ünvanında yenidənqurma işləri 2023-cü ilin oktyabrında başlayıb, lakin sakinlərin dediklərinə əsasən, 2024-cü ilin yay aylarında işlər təmamilə dayandırılıb. Şikayətçilər xüsusilə yağıntılı havalarda ətrafın palçığa çevrildiyini, gediş-gəlişin mümkün olmadığını qeyd ediblər:

“İş görməyə başladır, bizim də xoşumuz gəldi, hətta biz də kömək edirdik. Yay gəldikdə buradan getdilər. Bu işləri tamamlamaq lazımdır”.

Sakinlər, həmçinin, küçələrin əvvəl asfalt olduğunu, lakin artıq palçıq içində qalaraq gündəlik ehtiyaclarını belə yerinə yetirməkdə çətinlik çəkdiklərini vurğulayıblar:

“Xəstəsi, uşağı, yaşlısı olanlar var. Mən öz nəvələrimi qucağımda tutub yolun o biri tərəfinə keçirəm. Küçəni qazıblar, camaat da məcbur qalıb pul verib xəndəyi doldurur”.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov bildirib ki, Xətai rayonunda davamlı olaraq abadlıq və quruculuq işləri aparılır. O, sözügedən ünvanda işlərin il yarım əvvəl başladığını təsdiqləsə də, bütün layihələrin mərhələli şəkildə həyata keçirildiyini, heç bir işin yarımçıq qoyulmadığını qeyd edib. Artıq yay aylarının başlaması ilə yaxın zamanda bu məsələlərə baxılacaq və abadlıq işlərinin tam şəkildə bərpası başlayacaq".