Saatlı və İmişli rayonlarını birləşdirən yolun bir hissəsi sıradan çıxıb.
Yurd.Media xəbər verir ki, rayonlar arası ən qısa yolda asfalt örtüyü deformasiya uğrayıb, dərin çuxurlar, iri çatlar, çökmə və qabarmalar yaranıb.
Sakinlərin sözlərinə görə, yol bir dəfə təmir olunub və o vaxtdan bəri vəziyyət daha da ağırlaşıb.
Sürücülər bildirirlər ki, yol aktiv hərəkətə tab gətirmir.
“Yol yararsız vəziyyətdədir. Yağışlardan sonra oyuqlar daha da böyüyür, vəziyyət ağırlaşır. Əsasən yolun sağ tərəfi ilə hərəkət etdikləri üçün həmin hissə tamamilə sıradan çıxıb” – sakinlər deyirlər.
Onların sözlərinə görə, yol şəraiti nəqliyyat vasitələrinə də ciddi ziyan vurur:
“Maşınlarımız yola görə dağılıb. Hazırda mənim maşınım ustadadır”.
Sakinlərin üzləşdiyi əsas çətinliklərdən biri də kənd təsərrüfatı məhsullarının satışının çətinləşməsidir. Yolun qəzalı olması səbəbindən alıcıları cəlb etmək mümkün olmur.
“Yetişdirdiyimizi yol kənarında satmaq istəyirik, amma maşınlar saxlamır. Yükü hazırlayırıq, sonra yoldan çıxa bilmirik”, – deyə narazılıq edirlər.
Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirilib ki, yolun qəzalı vəziyyətdə olmasından xəbərdardırlar. Məsələnin Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramına daxil edilməsi ilə bağlı müvafiq təklif hazırlanaraq aidiyyəti quruma təqdim olunub. Hazırda layihə üzrə maliyyə vəsaitinin ayrılması gözlənilir. Vəsait təsdiqləndikdən sonra agentlik avtomobil yolunun yenidən qurulması işlərinə başlayacaq.