Hörmətli sərnişinlər, Bakı-Ağdam qatarı yola düşür...
Tarixi anlar, tarixi günlər və tarixə çevrilmək. Ağdamda 30 may tarixə çevrildi. 32 ildən sonra sürətli sərnişin qatarlarıyla gözəl Ağdama çatdıq. Bakıdan saat 07:10-da çıxan qatar 12:00-da təyinat nöqtəsinə yetişdi.
Ölkənin media qurumlarının nümayəndələri, Ağdam ziyalıları və sərnişinlər Bakı Beynəlxalq Dəmiryolu vağzalına toplaşmışdılar. Əslində, həmin gün hər kəs jurnalist idi: telefon əllərində qatarları, sərnişinləri, özlərini qeydə alanlar üçün həmin anların hər saniyəsi maraqlıydı.
Yol 4 saat 40 dəqiqə çəkir. Gedərkən demək olar ki, heç bir media nümayəndəsi yerində əyləşmir, maraqlı materiallar üçün açıqlamalar alırlar, fotolar çəkirlər, televiziyalar kadrlar götürür və sair.
Səfərdə qonaqlar arasında kimlər yox idi ki - millət vəkilləri, milli qəhrəmanlarımızın ailə üzvləri, I Qarabağ müharibəsi veteranları, tanınmış ziyalılar, idmançılar, aktyorlar, xanəndələr, rəssamlar, nəqliyyat üzrə ekspertlər...
Yurd.Media olaraq bir neçə şəxslə həmsöhbət olduq.
Tələbə ikən Ağdamla bağlı xatirələrini dinlədiyim və qəlbi hər zaman torpağıyla döyünən müəllimim Əməkdar jurnalist Cahangir Məmmədli:
“30 il idi Ağdama gəlirdim, nəhayət bu gün qatarla gəldim. Bu səfərin formatı oxa bənzəyir və erməninin gözünə batacaq. Ağdam Amerikanın Ağ evi kimidir. Ağdam yenidən qurulur və Ağ evdən də böyük, gözəl olacaq”.
Nəqliyyatla bağlı belə önəmli hadisəni elə mütəxəssisi olan şəxslə də müzakirə etdik.
Nəqliyyat eksperti Elməddin Muradlı:
Torpaqlarımız işğaldan azad edildikdən sonra ən çox diqqət edilən məsələlərdən biri nəqliyyat infrastrukturunun qurulması idi. Səfər müddəti 4 saat 40 dəqiqə çəkir. Ağdam-Bərdə istiqamətində yol təmiri başa çatdıqdan sonra məsafə 40 dəqiqə də azalacaq. Hesab edirəm ki, yaxın bir ildə bu məsələ həll olunacaq və qatarla Ağdama 4 saata çatmaq mümkün olacaq. Bu, təxminən avtomobil sürətinə bərabərdir".
Bəs sərnişinlər nə deyir? Necə sevinirlər bu hadisəyə?
Fərhad Məhərov bildirib ki, 1992-ci ildə Azərbaycan Silahlı qüvvələrinin tərkibində döyüşlərdə iştirak edib:
"2016-cı ildə Aprel döyüşlərində də iştirak etmişəm, 2018-ci ildə ordu sıralarından təxris olunmuşam. Hazırda Ağdam Rayon Mərkəzi xəstəxanasının terapiya şöbəsində fəaliyyətimi davam etdirirəm. Bu gün doğma şəhərim Ağdama qatarla getməkdən fəxr hissi duyuram. Qatarın ilk sərnişinlərindən olmaq da qürurvericidir”.
Müğənni Cabir Abdullayev bildirib ki, Ağdamın Zərnişalı kəndindəndir:
"Əvvəllər axşam köhnə qatarlarla Ağdamdan Bakıya tez-tez gəlirdik. Ağdamlı olaraq çox sevincliyik ki, Ağdama yeni növ sürətli qatarlarla gedirik. Ömrümün ən xoşbəxt günlərindən birini yaşayıram. Bu cür infrastruktura Ali Baş Komandanımız və şəhidlərimizin gücü, qüdrəti sayəsində nail olundu. Bütün Ağdamlıları təbrik edirəm”.
Nəhayət, saat 12:00. Ağdama çatdıq.
Alqışlarla qatardan endik. Hər kəsin üzündə fəxr, qürur hissi. İşğaldan azad edilən bütün torpaqlarımıza səfər edənlər hər zaman şəhidlərimizi anır, onlara qəni-qəni rəhmət diləyir ki, bu sevinci, bu qüruru bizə yaşatdılar.
Ağdam Dəmiryol Vağzalında kiçik konsert proqramı da təşkil olunmuşdu.
"Azərbaycan Dəmir Yolları"nın sədr müavini Nicat Quliyev çıxışı zamanı bildirdi ki, Horadiz-Ağbənd xəttinin tikintisini tez bir zamanda tamamlanması və Ermənistan sərhədinə çatdırılması üçün böyük səylə çalışılır. Sədr müavini xoş xəbər də açıqladı ki, 3 İyulda Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Xankəndi dəmiryolu stansiyasının tikilib başa çatdırlma prosesi 2026-cı ilin sonunadək baş tutacaq.
Ağdam Dəmiryolu Vağzalında Bakıya qayıdacaq sərnişinlərin qeydiyyatı da tamamlanır və sürət qatarı Bakıya dönüş edir.
Gəldikdə dincəlmək bilməyən həmkarlarımla missiyamızı tamamladığımız üçün nəfəs dərib,yerlərimizə əyləşib, Bakımıza qayıdırıq. İsti havada sərin qatarda səyahətin də yeri başqadır.
Məlumat üçün bildirək ki, işğaldan azad edilmiş ərazilərə qatarla komfortlu səfərlərin təşkili məqsədilə Bakı–Ağdam–Bakı marşrutu üzrə bilet alışı zamanı portaldan avtomatik icazə təmin olunacaq.
Sərnişinlərə standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Bakıdan Bərdə və Köçərli stansiyasına, Təzəkənd dayanacağına biletlərin minimum qiyməti 12 AZN, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə isə 12,80 AZN təşkil edir”,-qurumdan bildirilib.
Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarından istifadə edə biləcəklər.