Neftçala rayonunun Həsənabad qəsəbəsində yağışdan sonra məktəbə gedən yol keçilməz hala düşüb.
Yurd.Media xəbər verir ki, sakinlərin sosial şəbəkələrdə etdiyi paylaşımdan görünür ki, məktəb yolu su altında qalıb, nəqliyyat vasitələrinin hərəkəti çətinləşib, piyadaların isə gediş-gəlişi demək olar ki, mümkünsüz olub.
Neftçala rayonu Həsənabad qəsəbə bələdiyyəsinin sədri Rauf Ələkbərov məsələ ilə bağlı "Oxu.Az"a bildirib ki, son günlər intensiv yağışlar nəticəsində qəsəbə ərazisində, xüsusilə Səməd Vurğun küçəsində yağış sularının yığılması halları müşahidə olunub.
"Məsələ ilə bağlı əraziyə baxış keçirilib. Yağış sularının maneəsiz axınının təmin olunması məqsədilə mövcud drenaj və suötürücü xətlər yoxlanılır, tutulmuş hissələrin təmizlənməsi işləri aparılacaq.
Bildiririk ki, problemin tam aradan qaldırılması üçün mövcud bələdiyyə büdcəsini nəzərə alaraq texniki tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Zərurət yarandığı təqdirdə yeni suötürücü xəttin çəkilməsi və ya mövcud infrastrukturun yenilənməsi istiqamətində işlər görüləcək.
Vətəndaşlardan yaranmış müvəqqəti narahatlığa görə anlayış göstərmələrini xahiş edirik. Məsələ nəzarətdə saxlanılır və qısa müddətdə tam həll olunması üçün müvafiq addımlar atılır", - deyə R.Ələkbərov bildirib.
