SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Daha iki bölgə arasında qatar marşrutu olacaq

Daha iki bölgə arasında qatar marşrutu olacaq

  • 05 yanvar 2026, 12:08
Gəncə

Azərbaycanda daha iki bölgə arasında qatar istifadəyə veriləcək.  

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Yurd.Media-ya bildirilib ki, yanvarın 12-dən ilk dəfə Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə başlayacaq.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, bu, Gəncə–Mingəçevir–Gəncə marşrutundan sonra ADY-nin 2-ci regiondaxili sərnişindaşıma marşrutu olaraq bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsinə, regionlararası nəqliyyat bağlantısının və mobilliyin genişləndirilməsinə xidmət edəcək.

Marşrut üzrə sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmət göstəriləcək. Qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil edəcək.

Sərnişinlər ümumi uzunluğu 139 km olan marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.

Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4,3 manat, Ləki–Qəbələ istiqamətində isə 1,7 manat təşkil edəcək.

Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə də imkan verəcək. Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə–Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkün olacaq. Sərnişinlər Qəbələ–Gəncə qatarından istifadə edərək saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya gələ bilərlər.

Biletləri bu gündən ADY-nin veb-saytı və "ADY Mobile" tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Yeni sərnişindaşıma marşrutu qərb və şimal-qərb bölgələri arasında əlçatanlığın artırılmasına və daxili turizmin inkişafına töhfə verəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları