SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Bakıətrafı yollarda piyada keçidi dərdi - FOTOREPORTAJ

Bakıətrafı yollarda piyada keçidi dərdi - FOTOREPORTAJ

Bakının mərkəzində piyada keçidlərinin vəziyyəti ümumilikdə qənaətbəxş olsa da, bir qədər kənara çıxan kimi bu sahədə ciddi problemlər müşahidə olunur. Yol kənarlarında piyada keçidlərini göstərən nişanlar olsa da, zolaqların tamamilə silindiyi yerlər çoxdur. Bu isə piyadaların təhlükəsiz hərəkətinə ciddi maneələr yaradır.

Yurd.Media-nın əməkdaşları məlum vəziyyətlə əlaqədar Zabrat–Pirşağı şossesi istiqamətində fotoreportaj hazırlayıb. Kadrlardan göründüyü kimi  Zabrat 2 dairəsi yaxınlığında – yol hərəkətinin ən intensiv olduğu nöqtədə piyada keçidinin zolaqları tamamilə silinib. Həmin istiqamətdə davam etdikdə isə Məmmədli dairəsi ətrafında yerləşən üç piyada keçidi zolağının da eyni vəziyyətdə olduğu müşahidə olunur.

Məmmədli dairəsinə çatmamış "7 Gözəl" və "Göy Qurşağı" yaşayış komplekslərinin arasındakı işıqforun yerləşdiyi ərazidə, eləcə də Pirşağı istiqamətində və Məmmədli kəndində dairədən sola dönən hissədə piyada keçidlərinin zolaqları demək olar ki, tamamilə itib. İşıqfor olan yerlərdə piyadaların yolu keçməsi nisbətən mümkündür, lakin "Duqet" tərəfdə bu, artıq müşkülə çevrilib. Avtomobillər piyadalara yol vermir, baxmayaraq ki, ərazidə piyada keçidi nişanı mövcuddur.

Sürücülərin məsuliyyətsiz davranışı da vəziyyəti ağırlaşdırır. Ərazidə taksi fəaliyyəti göstərən sürücülərdən bildirir ki, bu ərazidə hər il piyadalar vurulur. Çünki, sürücülər sürəti azaltmır, diqqətli olmurlar, buna görə də hadisələr baş verir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat  Agentliyindən Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, yol nişanlanma xətlərinin silinməsi hərəkət intensivliyi və hava şəraiti ilə bağlıdır:

“Silinmiş nişanlanma xətlərinin yenilənməsi mərhələli şəkildə həyata keçirilir. Hazırda yolların nişanlanmasında istifadə olunan soyuq, iki komponentli və termoplast boyaların işıq qaytarıcılığı və dayanıqlığı əvvəlki nəsil boyalardan 4–6 dəfə çoxdur. Soyuq boya 6 ay – 1 il, iki komponentli və termoplast boya isə 2–4 il arası qalır”.

Qeyd edək ki, Məmmədli kəndindən keçən şosse ötən il yay aylarında təmir olunub və həmin vaxt zolaqlar yenidən çəkilmişdi. Lakin bir il keçməmiş zolaqlar tamamilə silinib. Ərazidə yol kənarı səkilər də yoxdur. Nəticədə vətəndaşlar yolu səki ilə deyil, birbaşa avtomobil yolunun içi ilə keçməyə məcbur olur – bu isə onların həyatı üçün ciddi təhlükə yaradır.


Foto: Sadıq Əliverdibəyli

Prime Leasing