Ağdaş rayonunun Pirəyir kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidi Çələbiyev Zakir Sahib oğlunun adını daşıyan küçədə abadlıq işləri aparılıb.
Ağdaş Rayon İcra Hakimiyyətindən Yurd.Media-ya bildirilib ki, səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq küçəyə çınqıl örtüyü salınıb, bununla da sakinlərin gediş-gəlişi xeyli asanlaşdırılıb.
"Vətəndaş müraciətlərinin operativ, səmərəli və keyfiyyətli şəkildə icrası rayon İcra Hakimiyyətinin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirlər rayon ərazisində ardıcıl və sistemli şəkildə davam etdirilir", - məlumatda bildirilib.
Qeyd edək ki, Ağdaş Rayon İcra Hakimiyyəti və ona tabeli qurumlar tərəfindən 2025–2026-cı illər ərzində müxtəlif abadlıq və yenidənqurma işləri ilə bağlı bir sıra tenderlər elan olunub. Açıq mənbələrdə yer alan məlumatlara əsasən, bağlanan müqavilələrin ümumi dəyəri 1 milyon 200 min manata yaxındır. Tenderlər əsasən abadlıq, yenidənqurma, cari və əsaslı təmir, eləcə də xidmət və inventarların satınalınmasını əhatə edir.