Ağdaş rayonunun Şəkili və Ərəbocağı kəndlərində yollar abadlaşdırılır.
Yurd.Media xəbər verir ki, rayonda əhalinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi, kənddaxili yol infrastrukturunun vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı Ərəbocağı və Şəkili kəndlərində abadlıq işləri aparılır.
Belə ki, Ərəbocağı kəndində bələdiyyənin təşəbbüsü ilə 1800 metr, Şəkili kəndində isə bələdiyyə və kənd sakinlərinin birgə təşəbbüsü ilə 1200 metr məsafədə kənddaxili yollara çınqıl örtüyü salınıb, hamarlanma işləri həyata keçirilərək yolların istifadəyə yararlı vəziyyətə gətirilməsi təmin olunur.
Görülən işlər nəticəsində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti əhəmiyyətli dərəcədə asanlaşır, xüsusilə yağıntılı hava şəraitində yaranan çətinliklərin aradan qaldırılması istiqamətində mühüm nəticələr əldə olunur.