Şəki şəhər stadionu təmirə bağlanır

Şəki şəhər stadionu təmirə bağlanır

Şəki

Şəki şəhər stadionunun yenidən təmiri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanmasına sərf olunacaq vəsaitin həcmi açıqlanıb. 

"Yurd.media"nın əldə etdiyi məlumata görə, Gənclər və İdman Nazirliyi bununla bağlı hazırlıq işlərini yekunlaşdırıb. 

Nazirlik şəhər stadionunda reallaşdırılacaq təmir işlərinin layihəsinin hazırlanmasını "Az.Arxitektura" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. 

Müqaviləyə əsasən, şirkət təmir layihəsini 60 min manata hazırlayacaq. Layihəyə uyğun olaraq isə stadionda təmir işlərinə başlanılacaq. 

Hələlik stadionda təmir işlərinin icrasına ayrılacaq vəsaitin həcmi açıqlanmayıb. 

Məlumat üçün bildirək ki, Şəki Şəhər Stadionu bu ilin sentyabrın 28-dən oktyabrın 8-dək ölkəmizdə keçiriləcək III MDB Oyunlarına ev sahiblik edəcək arenalardan biri kimi müəyyənləşib. 

Əsas mərkəzi Gəncədə təşkil olunacaq III MDB Oyunlarının çövkən yarışlarının məhz Şəkidə keçirilməsi nəzərdə tutulub. 

Bu səbəbdən bir müddət əvvəl gənclər və idman naziri Fərid Qayıbov, Baş nazirin müavini Samir Şərifov Şəkiyə səfər edərək arenaya baxış keçiriblər.

Xatırladaq ki, Şəki Şəhər Stadionu 2008-ci ildə müasir standartlara uyğun təmir olunaraq istifadəyə verilib. Həmin vaxt stadionun layihəsini yerli və xarici mütəxəssislər birgə hazırlayıb.