Azərbaycan qadın şahmat yığması dünya çempionatında möhtəşəm uğura imza ataraq finala yüksəlib. Lakin bu uğur təkcə idman nəticəsi deyil – əsl filmlərə sığacaq hekayədir.
Yurd.Media idman jurnalisti Sənan Şəfizadənin bəhs etdiyi hekayəni təqdim edir:
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 3-4 ay əvvəl dünya çempionatına vəsiqə qazanan komandaları elan edərkən, Azərbaycan və Özbəkistan milliləri arasında seçim edə bilmir. Seçmə matç təşkil olunur və Bakıda keçirilən görüşdə Özbəklər qalib gələrək vəsiqəni əldə edirlər.
Lakin yarışa sayılı günlər qalmış Əlcəzair millisi viza problemi səbəbilə çempionatda iştirak edə bilmir. Təşkilatçı ölkə olan İspaniya komandaya viza verməkdən imtina edir və FIDE təcili qərarla Azərbaycanı turnirə dəvət edir.
Yarışın başlamasına cəmi iki gün qalmış, evdə istirahət edən şahmatçılarımız – Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva və məşqçi Nicat Abasov – dəvət alır və AŞF-nin operativliyi sayəsində sənədləşmə tamamlanaraq komanda Linaresə yollanır.
Və möcüzə başlayır:
- Qrupda 4-cü yer – ¼ finala vəsiqə
- ¼ finalda Gürcüstanüzərində qələbə
- Yarımfinalda Qazaxıstana qarşı tay-brekdə qələbə
Ən maraqlısı isə: turnirdən bizi kənarlaşdıran Özbəklər bu dəfə qrupda mübarizəni dayandırır.
İndi finalda rəqib – güclü FIDE komandasıdır (Rusiya bayrağı altında çıxış etmədiyi üçün bu adla iştirak edir). Qızlarımız artıq tarix yazıblar. Amma tarixdə qalmaq üçün bircə addım qalıb: qalib gəlmək!
"Sanki 1992-ci ildə Yuqoslaviya millisinin yerinə qitə çempionatına yollanan və çempion olan futbol üzrə Danimarka millisinin aqibəti təkrarlanır", - S.Şəfizadə qeyd edir.