Azərbaycan Premyer Liqasında XIII turun daha iki oyunu keçirilib.
Yurd.Media xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Sumqayıt"ı qəbul edib.
Qarşılaşma qonaqların qələbəsi ilə bitib - 2:1. Meydan sahiblərində 70-ci dəqiqədə Karim Rossi fərqlənib. "Sumqayıt"ın heyətində 88-ci dəqiqədə Aleksa Yankoviç, 90+1-ci dəqiqədə Aleksandr Ramalinqom adını tabloya yazdırıb. Matçın sonlarında hər iki komandanın baş məşqçisi bir-biri ilə mübahisə etdikləri üçün qırmızı vərəqə alaraq meydanda qovulublar.
Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran "gənclik şəhəri" təmsilçisi beşinci pillədə qərarlaşıb. Şamaxı klubu 14 xalla doqquzuncudur.
Günün ikinci görüşündə "Araz-Naxçıvan" "Qəbələ"nin qonağı olub.
Qarşılaşma meydan sahiblərinin qalibiyyəti ilə yekunlaşıb - 2:1.
"Qırmızı-qaralar"ın heyətində 15-ci dəqiqədə Prins Ovusu, 59-cu dəqiqədə Adriel Ba Loua fərqləniblər. Qonaqların heyətində 39-cu dəqiqədə Bəxtiyar Həsənalızadə adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 8-ə çatdıran "Qəbələ" 10-cu pilləyə yüksəlib. Naxçıvan klubu 20 xalla 6-cıdır.
Qeyd edək ki, XIII turda "Zirə" "Kəpəz"i (2:0), "Sabah" "İmişli"ni (3:0), "Qarabağ" "Karvan-Yevlax"ı (2:0) məğlub edib. "Turan-Tovuz" - "Neftçi" oyununda hesab açılmayıb.