SÜJET
Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa çempionatı start götürüb.
Yurd.Media xəbər verir ki, iyunun 15-də başa çatacaq birinciliyin ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
Xalçaya çıxan Azərbaycan millisinin beş idmançısından üçü yarımfinala vəsiqə qazanıb.
48 kq çəki dərəcəsində mübarizə aparan Qurban Məcnunov debütdə macarıstanlı Qerqo Zatkoya (11:2) və türkiyəli Barış Soyluya (6:1) qalib gələrək yarımfinala yüksəlib. Onun yarımfinaldakı rəqibi erməni Martin Manjikyan olacaq.
55 kq çəkidə mübarizə aparan Ayxan Əsədli belaruslu Aleksandr Beliakova 6:3 hesabıyla qalib gəlsə də, 1/4 finalda rusiyalı Danil Lojkinə "tuş"la məğlub olub.
65 kq çəki dərəcəsində mübarizə aparan Ramil Musayev italiyalı Alessio Arankioya "tuş"la qalib gələrək 1/8 finala yüksəlib. Ancaq bu mərhələdə belaruslu Vladislav Salavyova 3:5 hesabıyla məğlub olub.
Nicat Yeylaqaliyev (80 kq çəki dərəcəsində) çexiyalı Jaçim Jaburekə (8:0), yunanıstanlı Stefanos Vasdekisə (6:1) və gürcüstanlı Giorgi Ormotsadzeyə (9:0) qalib gələrək yarımfinala yüksəlib. Güləşçimiz yarımfinalda litvalı Benediktas Bubeleviçyusla qarşılaşacaq.
110 kq çəki dərəcəsində mübarizə aparan Rihad İbrahimli belaruslu Matvey Silişə (5:1) və polşalı Mateuş Tomelkaya (11:2) qalib gələrək yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda ukraynalı Anatoli Novaçenkoyla üz-üzə gələcək.
Yarımfinal görüşləri Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatında I dərəcəli hakim Vüqar Şükürov ədaləti qoruyur.
***12:39
Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa çempionatı start götürəcək.
Yurd.Media xəbər verir ki, iyunun 15-də başa çatacaq birinciliyin ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.
Komandamızın heyətində startda xalçaya Qurban Məcnunov (48 kq), Ayxan Əsədli (55 kq), Ramil Musayev (65 kq), Nicat Yeylaqaliyev (80 kq) və Rihad İbrahimli (110 kq) çıxacaqlar.
Qeyd edək ki, Avropa çempionatında ədaləti qoruyan hakimlərin sırasında I dərəcəli hakim Vüqar Şükürov da var.