SÜJET
Bu gün futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək.
Yurd.Media xəbər verir ki, mövsümün son matçında "Qarabağ" və "Sabah" komandaları üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşmanı çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov idarə edəcək.
Qarşılaşma UEFA Avropa Liqasına vəsiqənin taleyinə aydınlıq gətirmək baxımından önəmlidir.
Artıq 12 qat çempionluq əldə etmiş "Qarabağ" qələbə qazanacağı təqdirdə, mövsümü "qızıl dubl"la başa vuracaq. Ağdam komandası həm də 9-cu dəfə ölkə kubokuna sahib çıxacaq. Bu halda, Premyer Liqanı ikinci pillədə başa vurmuş "Zirə" Avropa Liqasına, 4-cü pillənin sahibi "Turan Tovuz" Konfrans Liqasına yollanacaq.
İlk dəfə finalda çıxış edən "Sabah" isə Azərbaycan Kubokunu qazansa, Avropa Liqasına vəsiqəyə yiyələnəcək. Nəticədə "Zirə" Konfrans Liqasına vəsiqə qazanacaq, "Turan Tovuz" isə avrokuboklardan kənarda qalacaq.
Bugünkü görüşlə bağlı daha bir ilk isə matçın yenilənmiş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ilk dəfə təşkilidir. Ümumilikdə isə bu arena üçüncü dəfə finala ev sahibliyi edəcək. Peşəkar Futbol Liqası oyunun yüksək səviyyədə keçirilməsi üçün səfərbər olub. Qarşılaşmadan əvvəl "Dervish Band"ın ifasında konsert proqramı təşkil olunacaq.
Qeyd edək ki, görüş saat 19:00-da başlanacaq: