Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şirvan şəhəri, G.Şıxbala küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Yurd.Media nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şirvan Yanğından Mühafizə Dəstəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının hər mərtəbəsi 476 m2 olmaqla ümumi sahəsi 952 m2 olan ikimərtəbəli yaşayış binasının dam örtüyündə baş verdiyi və mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilən operativ tədbirlər sayəsində yanğın genişlənərək mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 60 m2 sahədə, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 86 m2 olan vətəndaşa məxsus üçotaqlı mənzilin 1 otağının tavanı isə 12 m2 sahədə yanıb. Binanın dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə edilib.
Hadisə ilə əlaqədar 7 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib.