Goranboyda törədilən qətlin bəzi təfərrüatları məlum olub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, mübahisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan və bir neçə gün sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişən 41 yaşlı Əli Əliyev 2 övlad atası olub.
Hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Elçin Ağalı da yeni ailə həyatı qurub. O, mütamadi olaraq Rusiya Federasiyasına işləməyə gedib-gəlib. Qaydasız döyüş üzrə idmanla məşğul olan E.Ağalı müəllim övladı olub.
Dəliməmmədli şəhər sakinləri olan həmyerlilərinin mübahisəsi isə küçədə, bazar yaxınlığında qeydə alınıb.
Belə ki, tərəflər arasında söyüş üstdə düşən mübahisə sonra əlbəyaxa davaya çevrilib. Nəticədə Əli Əliyevə ağır yumuruq zərbələrindən kəllə-beyin travması alıb və komaya düşüb. O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.