Ləğv prosesində olan “Texnika Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Omni Finance” Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı iddiası üzrə məhkəmə çəkişməsi davam edir.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Omni Finance”nin "Texnika Bank”a 141,3 min ABŞ dolar borcu var.
Bakı İqtisad Məhkəməsi 2018-ci ildə həmin borcun “Texnika Bank”ın xeyrinə tutulması barədə qətnamə çıxarıb. Lakin bu günə kimi “Omni Finance” Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı həmin qətnaməni icra etməyib, borcunu ödəməyib.
Buna görə də Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru təqdimatla Bakı Kommersiya Məhkəməsinə müraciət edib və həmin icra sənədinin icrası ilə əlaqədar borclu MMC-nin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş edib. Məhkəmə icra məmurunun təqdimatını təmin edib və MMC rəhbərinin ölkədən getmək hüququ, həmin icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, 2022-ci ildə “Omni Finance” Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının lisenziyası ləğv olunub. BOKT təkbaşına idarəetmə sistemi ilə işləyirdi və rəhbəri Nərimanov Kamran Vaqif oğlu idi. BOKT-un nizamnamə kapitalı isə 455 000 manat idi.
Onu da əlavə edək ki, “Texnika Bank” ASC-nin rəhbəri Etibar Əliyevdir. O, 2012-ci ildə həbs edilib və sonradan azadlığa çıxıb. 2016-cı ildə “Texnika Bank” onun özünə qaytarılıb. Lakin sonradan bank iflasa uğrayıb və ləğv edilib.