Bakının mərkəzində yaşayış binasında yanğın olub, 63 yaşlı qadın xəsarətlər alıb.
Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binasındakı yanğınla bağlı FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Binanın taxta araskəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də yanğından mühafizə bölmələri tərəfindən görülmüş operativ tədbirlərlə yanğın nəzarət altına alınıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu, L. Tolstoy 7 küçəsindən yanğın baş verməsi səbəbilə 5 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 63 yaşlı qadın bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.