Bakının Sabunçu rayonunda yol nişanlanmasına qanunsuz müdaxilə edilməsi sürücülər üçün təhlükəli vəziyyət yaradıb.
Yurd.Media xəbər verir ki, hərəkətin intensiv olduğu Maştağa qəsəbəsində qoşa xəttin bir hissəsi qara boya ilə qırıq xəttə çevrilib. Nəticədə sürücülər buradan dönməyə başlayıblar. Məqsəd də ərazidəki müşahidə kameralarının sürücülərə cərimə yazmamasını təmin etmək olub.
Xətt vizual olaraq qırıq xətt təsiri yaratdığı üçün sürücülər də buradan dönməyin mümkün olduğunu düşünürlər.
Amma bu müdaxilə müşahidə kameralarının qarşısında edildiyindən xətti dəyişdirən şəxslərin öz hərəkətləri də kameraya düşüb.
Yol hərəkətində bir xəttin belə dəyişdirilməsi isə sadəcə görüntü məsələsi deyil. Xüsusilə yüksək sürətin olduğu magistral yolda sürücünün yol nişanlanmasını səhv qiymətləndirməsi qarşıdan gələn nəqliyyat vasitələri ilə toqquşma riskini artıra bilər.
Məsələ ilə bağlı Bakı Şəhər Yol Polisi İdarəsindən ''Xəzər Xəbər''ə bildirildi ki, faktı törədən 3 nəfər müəyyən edilib və istintaqa cəlb olunublar.