Bakının Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "AFEN Plaza"da partlayış baş verib.
Yurd.Media xəbər verir ki, ilkin ehtimala görə, partlayış birinci mərtəbədə baş verib. Partlayış nəticəsində 6 mərtəbəli binanın 5-ci mərtəbəsinə kimi dağıntı müşahidə olunur.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Nərimanov rayonu ərazisində yerləşən ofislərin birində baş vermiş partlayışla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək zəruri təhlükəsizlik tədbirləri görülür.
TƏBİB-dən bildirilib ki, 2 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfərə (2-si kişi, 3-ü qadın olmaqla) yerində ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.