SÜJET
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Bu barədə Yurd.Media-ya FHN-dən bildirilib.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir:
"Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb olunub".
*** 00:13
Yasamal rayonunda yerləşən kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışda yaralanan olmayıb.
Yurd.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
"Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına Kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunublar. Hazırda təhlükəsizlik tədbirləri görülür.
İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür", - məlumatda qeyd olunub.
*** 23:21
Bakıda Yasamal rayonunda güclü partlayış baş verib.
Yurd.Media xəbər verir ki, partlayışın C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında köhnə pirotexnika sahəsində baş verdiyi bildirilir.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, film çəkilişi üçün istifadə olunan protexnik vasitələr partlayıb.
Hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub.
TƏBİB-dən verilən məlumata görə, saat 23:05 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Yasamal rayonu ərazisində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.
Dərhal çağırış üzrə ilkin olaraq 5 təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.
Hələlik hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.