SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Yasamalda ağaclar susuzluqdan və zərərvericilərdən əziyyət çəkir: Qurumlar məsuliyyəti bir-birinə ötürür

Yasamalda ağaclar susuzluqdan və zərərvericilərdən əziyyət çəkir: Qurumlar məsuliyyəti bir-birinə ötürür

Bakı

Bakı şəhərinin Yasamal rayonu ərazisində, Bakı dairəvi yolunun yaxınlığında yerləşən meşə tipli sahədə ağaclar susuzluqdan və zərərvericilərin təsirindən kütləvi şəkildə quruyur.

Yurd.Media xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, "qabıqyeyicilər" adlandırılan gənəyəbənzər zərərvericilər ağacların qabıq hissəsinə yumurta qoyaraq onların qurumasına səbəb olur. Bu zərərvericilər sürətlə yayıldığından vaxtında tədbir görülmədikdə meşə örtüyünün vəziyyəti daha da pisləşir.

Problemin qarşısını almaq üçün zərərvericilərlə yoluxmuş ağacların kəsilməsi və həmin ərazilərin dərmanlanması tövsiyə olunur.

Hələ 4 ay əvvəl "İctimai TV" nin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti məsələ ilə bağlı açıqlama yayaraq qurumuş ağacların kəsiləcəyini, ərazinin təmizlənəcəyini və yerində yeni tinglərin əkiləcəyini bildirmişdi. Sağlam ağacların da zərərvericilərə qarşı dərmanlanacağı vəd olunmuşdu.

Lakin üzərindən xeyli zaman keçməsinə baxmayaraq, ərazidəki vəziyyət heç də ürəkaçan deyil. Quruduğuna görə küləyə tab gətirməyən və kökündən qoparaq aşan ağaclar ərazidən kənarlaşdırılsa da, onların yerində yeni tinglər əkilməyib. Hətta mövcud sağlam ağaclar da zərərvericilərin təsirindən quruma təhlükəsi ilə üz-üzədir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, yeni tinglərin əkilməsi üçün optimal dövr artıq başa çatıb. Adətən ağac və kol bitkilərinin əkilməsi noyabr-fevral aylarında tövsiyə olunur. Bu dövrlərdə torpağın altı nisbətən isti olduğu üçün kök sistemi daha sürətlə inkişaf edir. Gecikmiş əkilmə yalnız bitki yetişdirildiyi torpaqla birgə həyata keçirilə bilər ki, bu da həm əlavə vaxt, həm də maliyyə vəsaiti tələb edir.

Bəs, bu qədər önəmli bir ekoloji problemin həlli niyə gecikir?

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət edildikdə, qurum cavabdehliyin Yasamal Rayon İcra Hakimiyyətinə aid olduğunu bildirib.

Yasamal Rayon İcra Hakimiyyəti isə məsələ ilə bağlı şifahi açıqlamasında qeyd edib ki, sözügedən əraziyə rəsmi nəzarət yaxınlıqda fəaliyyət göstərən bir tikinti şirkətinə verilib.
Həmin şirkətdən isə bildirilib ki, ərazidə park salınması planlaşdırılır. Lakin hələlik sənədləşmə işləri davam edir və torpaq sahəsi şirkətin balansına keçdikdən sonra abadlıq işlərinə başlanacaq.

Hazırkı vəziyyət göstərir ki, məsul qurumlar arasında əlaqənin və koordinasiyanın zəifliyi nəticəsində ərazidə ekoloji fəlakət dərinləşməkdədir. Əgər tezliklə konkret və effektiv addımlar atılmasa, sağlam ağacların da məhv olması qaçılmaz ola bilər.