Bakının Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 154 ünvanında yerləşən 7 və 8 nömrəli evlərin üzərinə iri gövdəli ağac aşıb.
Yurd.Media xəbər verir ki, shazırda evlərdə çatların yaranıb, vəziyyətin getdikcə daha təhlükəli hal alır.
Zərərçəkənlər Baku TV-yə deyirlər ki, bir neçə il əvvəl ağacın külək zamanı əyilərək evlərə ziyan vuracağı barədə Nəsimi Rayon İcra Hakimiyyətinə məlumat veriblər. Onları Yaşıllaşdırma İdarəsinə yönləndiriblər, lakin bu günə qədər heç bir tədbir görülməyib.
Sakinlərin sözlərinə görə, hazırda ağacda nə yarpaq, nə də meyvə var. Lakin yaxın həftələrdə ağacın yaşıl örtüyü və qozaları da çıxacaq və bu, onun ağırlığını artıraraq evlərə əlavə ziyan vura bilər. Artıq ərazidə internet və elektrik xətləri qırılıb.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də müraciət olunub. Nazirlikdən bildirilib ki, sözügedən ağac nadir növlərdən biri olan və “Qırmızı Kitab”a daxil edilən Şərq çinarıdır. Qurumun əməkdaşları əraziyə təkrar baxış keçirəcəklər.