SÜJET

Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi Süni intellekt
Abşeronda göllər ekoloji fəlakətlə üz-üzə: Masazırda vəziyyət ağırlaşır - REPORTAJ

Abşeronda göllər ekoloji fəlakətlə üz-üzə: Masazırda vəziyyət ağırlaşır - REPORTAJ

Abşeron

Abşeron yarımadasında yerləşən irili-xırdalı göllərin bir çoxu illərdir ekoloji problemlərlə üzləşib. Həmin su hövzələrinə çirkab sularının axıdılması, ərazilərə məişət tullantılarının atılması, bəzi hallarda isə göllərin qurudularaq qanunsuz tikintilər aparılması müşahidə olunur.

Yurd.Media xəbər verir ki, Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yerləşən adsız sututarlardan birində vəziyyət xüsusilə narahatlıq doğurur. Ərazidə aparılan çəkiliş zamanı sakinlər bildiriblər ki, gölün ətrafı uzun müddətdir baxımsız vəziyyətdə qalıb, ərazi demək olar ki, zibilliyə çevrilib.

Sakinlərin sözlərinə görə, bu il yağan güclü leysan yağışlarından sonra göldə suyun səviyyəsi xeyli artıb. Ətraf ərazilərdə toplanan tullantılar isə kəskin pis qoxunun yaranmasına səbəb olub. Bu vəziyyət həm ətraf mühitə, həm də yaxınlıqda yaşayan insanların sağlamlığına və gündəlik həyatına ciddi təsir göstərir.

Bundan əlavə, leysan yağışları nəticəsində ərazidə yerləşən fərdi yaşayış evlərinin həyətləri və küçələr su altında qalıb. Sakinlər bildirirlər ki, bəzi ərazilərdə yağış suları hələ də tam çəkilməyib.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Yurd.Media-ya bildirilib ki, sözügedən ərazi Masazır qəsəbəsində yerləşən və uzun illər ərzində yağış və qrunt sularının toplanması nəticəsində formalaşmış, təxminən 9 hektar ərazini əhatə edən adsız sututardır.

Qeyd olunub ki, 2014-cü ildən başlayaraq gölün ərazisi qanunsuz şəkildə doldurulub, şəhərsalma və tikinti qaydalarına əməl edilmədən burada çoxsaylı fərdi yaşayış evləri inşa edilib.

Xidmətdən bildirilib ki, Azərbaycan Prezidentinin 17 noyabr 2023-cü il tarixli fərmanı ilə yaradılan Dövlət Nəzarəti Xidmətinə, eləcə də digər aidiyyəti qurumlara su hövzələrinin mühafizəsi ilə bağlı nəzarət funksiyaları həvalə olunub. 2025-ci ildən etibarən Bakı və Abşeron yarımadasında sututarların qanunsuz doldurulmasının qarşısının alınması istiqamətində mütəmadi nəzarət tədbirləri həyata keçirilir.

Qurum həmçinin vurğulayıb ki, fərdi yaşayış evlərindən formalaşan tullantı sularının düzgün idarə olunması məqsədilə aidiyyəti dövlət qurumlarına müraciətlər göndərilib və qanun pozuntuları ilə bağlı tədbirlər görülüb.

Rəsmi açıqlamada o da qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Tədbirlər Planı” çərçivəsində sözügedən ərazilərdə tullantı sularının idarə olunması və mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

FOTO: Sadıq Əliverdibəyli

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları