Azərbaycanda yarımştat iş elanlarının sayının artması ilə yanaşı, əmək haqqı və iş şərtləri ilə bağlı iş axtaranların narazılığı da gündəmdədir.
Yurd.Media xəbər verir ki, iş elanlarında "Ofis menecer" və ya "Operator-satıcı" kimi vəzifələr üçün müxtəlif şərtlər təklif olunur. Məsələn, bəzi elanlarda 6 günlük iş həftəsi və gün ərzində 4-5 saatlıq iş rejimi üçün 200 AZN civarında əmək haqqı təklif edilir.
Respondentlər bildirirlər ki, elanlarda qeyd olunan 200 AZN əmək haqqı bəzən sabit maaş və əlavə faizlərin cəmindən ibarət olur, bu isə iş axtaranların hər zaman ürəyincə olmur.
İnsan resursları üzrə mütəxəssis Röyal Əhmədov "Xəzər Xəbər"ə bildirib ki, yarımştat işlərin konkret vahid iş saatı və standartı yoxdur, hər şey işəgötürənlə işçi arasındakı razılaşmadan asılıdır.
Mütəxəssis vurğulayır ki, bəzi hallarda "yarı iş günü" bəhanəsi ilə əmək müqaviləsi bağlanmaması sonradan işçinin hüquqlarının pozulmasına səbəb ola bilər.Ekspertlər iş axtaranlara tövsiyə edirlər ki, iş vaxtından asılı olmayaraq, əmək haqqının hesablanması şəffaf aparılmalı və bütün şərtlər əvvəlcədən əmək müqaviləsində öz əksini tapmalıdır. Bu, həm işçinin sosial təminatını, həm də əmək hüquqlarının qorunmasını təmin edir.