Qızılı sərmayə kimi dəyərləndirmək o halda olar ki, ona yalnız xalis formada sərmayə edilsin.
Yurd.Media xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, bir çox ailələr düşünür ki, əllərində pul olduqda onu qızıl ziynət əşyasına çevirmək “gələcəyə sərmayədir”:
"Amma bu böyük bir yanılmadır. Çünki, ziynət qızılının qiyməti bir başqadır, alış qiyməti isə tamam başqa. Məsələn, qızılın bazar qiyməti 1 qram üçün “x” manatdırsa, 3 qramlıq bir sırğa 3x-ə yox, 8x–10x-ə alınır. Çünki burada ustanın əməyi, dizaynı, mağazanın marjası və digər faktorlar var. Sonradan satmaq istədikdə isə sənə yalnız qızılın qram dəyəri üzrə pul, yəni 3x manat verirlər. Bu halda sən “sərmayə qoymuş” yox, əslində “itki etmiş” olursan".
Ekspert vurğulayıb ki, qızıla doğru sərmayə forması zinət əşyaları deyil, xalis külçə, sikkə, birja alətləri və ya onlayn qızıl investisiya məhsullarıdır:
"Onların alış-satış fərqi minimaldır və real gələcək dəyəri qoruyur. “Mən özümə sırğa aldım, gələcəyə pul yatırdım” düşüncəsi isə sadəcə illüziyadır, ya da bəzənmək üçün bəhanə".